“Qəbələ”nin Antalyada ilk qələbəsi
21.01.2013 - 09:18
“Qəbələ”nin Antalyada ilk qələbəsi
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Apasport.z saytının məlumatına görə, Danimarkanın “Oure” Akademiyası ilə qarşılaşan “qırmızı-qaralar” matçı yüksək səviyyədə keçirib və 2:1 hesabilə qalib gəlib.

Matç 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. “Qəbələ” oyuna qara sarğı ilə çıxıb. Qarşılaşma təmsilçimizin sürətli hücumları ilə başlayıb. İlk hissə ərzində “qırmızı-qaralar” bir neçə fərqlənmək imkanı əldə etsələr də, hesab açılmayıb.

İkinci hissə də eyni ssenari üzrə davam edib. Lakin hücuma aludə olan “Qəbələ” gözlənilmədən qapısında qol görüb. Hesabda geri düşməsinə baxmayaraq hücumlaeını səngitməyən Azər Bağırovun yetirmələri tezliklə status-kvonu bərpa ediblər. Ehtiram Şahverdiyev fərqlənib. “Qəbələ” qoldan sonra təzyiqi biraz da artırıb. Ardıcıl hucumlar matçın sonuna 20 dəqiqə qalmış öz nəticəsini verib və təmsilçimiz hesabda irəli çıxıb. Komandamıza qələbə qazandıran qol Qismət Əliyevin aktivinə yazılıb.

U-17 Antalyadakı son yoxlama oyununu yanvarın 22-də keçirəcək. Bu görüşdə “Qəbələ” “Oure” Akademiyasının B komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Yanvarın 23-də isə U-17 Antalya toplanışını tamamlayaraq vətənə dönəcək.

Qeyd edək ki, “Qəbələ” Türkiyədəki ilk oyununda “Antalyaspor”a 2:5 hesabı ilə uduzmuşdu.

Mənbə: gabalafc.az