Aqil Nəbiyev: Ola bilər ki, Foqts buna görə məni çağırmayıb
21.01.2013 - 13:15
Aqil Nəbiyev: Ola bilər ki, Foqts buna görə məni çağırmayıb
“Mən 12-13 tur oynamasam da, yenə milli komandamıza çağırılırdım. Zədə, yaxud başqa problem olmasa, baş məşqçi Berti Foqts həmişə məni dəvət edir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Aqil Nəbiyev deyib. Qış fasiləsində AZAL-dan “zolaqlılar”a gələn təcrübəli müdafiəçi yığma karyerasını bitmiş sayır.

Əksinə, o, yeni komandasından daha çox dəvət almaq iddiasındadır: “Mən “Bakı”da əsas heyətdə möhkəmlənib, yenidən milliyə çağırılmaq istəyirəm. Yaşıma görə narahat deyiləm. 30 yaşım var ki, məncə, bu, müdafiəçi üçün çox deyil. Bundan sonra da oynamağa gücüm var. Rahat 4-5 il oynaya bilərəm. Bura uşaq komandası deyil ki, yalnız yeniyetmələr oynasın. Hər bir komandada gənc futbolçular gələcək perspektiv üçün lazımdır. Ancaq onlarla yanaşı, təcrübəli futbolçular da olmalıdır. Çünki nəticə əldə etmək istəyiriksə, hər bir klubda təcrübəli futbolçulara ehtyac var”.

Aqil millinin qarşıdakı Dubay toplanışında çağırılmamağında problem görmür: “Dəvət almamağımı normal qarşıladım. Ola bilər ki, Foqts ilin futbolçusunun mükafatlandırma mərasiminə gələ bilmədiyinə görə məni kənarda qoyub. Fasiləyə az qalmış “Bakı”nın baş məşqçisi Bojidar Bandoviçlə məsləhətləşdikdən sonra ailəmin yanında olmaq üçün Tovuza yollandım. Həmin ərəfədə mənə zəng elədilər ki, belə bir tədbir var. Ancaq ailəmlə birgə olduğumdan, Bakıya gələ bilmədiyimi dedim. Fikirləşirəm ki, bəlkə buna görə yığmaya çağırılmadım. Ancaq problem yoxdur, heç vaxt narazılığım olmayıb”.

Nəbiyev Foqtsun seçiminə hörmətlə yanaşdığını bildirib: “O, baş məşqçidir, heyəti müəyyənləşdirir. Mən də onun fikrinə hörmətlə yanışıram. Dubay toplanışına çağırılmasam belə, qarşıdakı rəsmi oyunlara dəvət olunacağıma inanıram. Mən öz klubunda oynasam, yenidən milliyə çağırılacağam. Öz klubunda oynamalısan ki, milliyə dəvət alasan”.

Aqil oynamayan bir futbolçunun milli komandada işinin olmadığını söyləyib: “Pis çıxmasın, oynamaya-oynamaya milliyə dəvət olunanda, tərəddüd edirdim. Deyirdim ki, yaxşı deyil. Ola bilər ki, bəzi insanlar bu haqda fikirləşmirlər. Ancaq mən həmişə bunu düşünürdüm”.

Mehman SÜLEYMANOV
ANTALYA