Əfqan Talıbov: Məcburiyyət qarşısına qalsam...
23.01.2013 - 14:56
Əfqan Talıbov: Məcburiyyət qarşısına qalsam...
“Komandaya baxışa 2 yeni legioner gəlməlidi”. Bunu apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əfqan Talıbov deyib.

Hazırlığı ölkə daxilində həyata keçirən 4 klubumuzdan biri olan “Turan” heyətini komplektləşdirməkdə çətinlik çəkir. Tovuz təmsilçisi bir müddət əvvəl 4 ukraynalı, eləcə də bir gürcüstanlı futbolçunu sınasa da, onlardan birini heyətdə saxlayıblar. Ancaq baş məşqçini narahat edən mövqelər var. Həmin mövqeləri gücləndirmək üçün isə mütləq yeni transferlər həyata keçirilməlidir: “Mərkəz müdafiəçisinə və hücumçuya ehtiyacımız var. Ola bilər, həmin mövqelərə Xorvatiyadan və Ukraynadan futbolçular gəlsin. Hələ gözləyirik. Ancaq bu mövqelər mütləq gücləndirilməlidir”.

Baş məşqçi yoxlama oyunlarında Yaroslav Suxanovu hələlik müdafiənin mərkəzində oynadacaq: “Suxanov gənc futbolçudur və üzərinə işləməklə nəsə əldə etmək olar. Mərkəz müdafiəçimiz olmadığına görə, yoxlama oyunlarında Suxanovu sola meylli mərkəz müdafiəçisi kimi oynadacam. Ona Mikayıl Rəhimovla birgə şans verəcəm”.

Talıbov gənc futbolçular arasında müdafiənin mərkəzində çıxış edə biləcək oyunçuların olduğunu, amma “Rəvan”la keçiriləcək çempionat matçında onlara güvənməyin erkən olduğunu vurğulayıb: “Seymur və Sənan kimi gənc müdafiəçilərimiz var. Lakin “Rəvan”la oyunda onları birdən birə meydana buraxa bilmərəm. Məcburiyyət qarşısına qalsam, bu addımı ataram. Çünki hər ikisi təcrübəsizdirlər”.