“Qəbələ”yə gəlməzdən öncə Skarlatake və Tsarlya ilə məsləhətləşmişdim”
23.01.2013 - 18:10
“Qəbələ”yə gəlməzdən öncə Skarlatake və Tsarlya ilə məsləhətləşmişdim”
“Qəbələ”nin düşərgəsinə qoşulmazdan öncə Buxarest “Dinamo”sunda komanda yoldaşım olmuş Adrian Skarlatake ilə yaxşı məsləhətləşmişdim. O mənə bu klub haqda yaxşı şeylər söylədi”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına rumıniyalı futbolçu Kristian Pulhak deyib.

Rumıniyalı həmkarlarımızın “Xəzər Lənkəran”a gələcəyini iddia etdiyi Pulhak sən demə, “Qəbələ”dən təklif alıbmış. Daha doğrusu, menecerlərin təklifi, futbolçunun isə o qədər də yüksək məbləğ tələb etməməsi bu futbolçu ilə artıq müqavilə bağlanmasını şərtləndirib. Sol cinah müdafiəçisi ilə artıq 2 illik anlaşma imzalanması gözlənilir.

Ölkəsinin mətbuatına verdiyi açıqlamada “Qəbələ”də 200 min avro alacağını deyən Pulhak bizə açıqlamasında da maliyyə durumuna görə “Dinamo”dan ayrılmaq istədiyini bildirib: “11 ildir ki, bu kluba məxsusam. İstəməzdim ki, “Dinamo”dan ayrılım. Ancaq təəssüf ki, indi bu komandanın maliyyə durumu yaxşı vəziyyətdə deyil. Bu üzdən klub prezidentinə məni sərbəst buraxmağı xahiş etdim. O da sağ olsun ki, bu istəyimi yerinə yetirdi. İndi “Qəbələ”yə sərbəst futbolçu kimi keçə bilərəm. Yeri gəlmişkən, vaxtilə bu komandada oynamış həmyerlim Rezvan Tsarlya ilə də tanışam. O da mənə “Qəbələ”nin hazırda iddialı klub olduğunu və bura keçəcəyimə görə peşman olmayacağımı bildirib. O hazırda mənim doğulduğum Yaşi şəhərinin klubunda futbol oynayır”.

Qeyd edək ki, 28 yaşlı Pulhak karyerası ərzində yalnız “Dinamo”ya məxsus olub. O, ilk dəfə müqavilə ilə başqa klubun oyunçusu olacaq. Kristian bundan öncə ölkəsinin “Poyana”, “Sportul” və İspaniyanın “Erkules” klublarında icarə əsasında çıxış edib.

Səbuhi TOFİQOĞLU
ANTALYA