Zoran Baldovaliyev: Azərbaycandan getməyimə çox peşmanam
24.01.2013 - 01:21
Zoran Baldovaliyev: Azərbaycandan getməyimə çox peşmanam
“Vaxtilə Azərbaycanı tərk edib getdiyim üçün çox peşmanam. Gərək o vaxt heç bir təklifi qəbul etməyib “MKT-Araz”da qalaydım”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Makedoniyanın “Turnovo” klubunun hücumçusu Zoran Baldovaliyev deyib.

Vaxtilə Makedoniya yığmalarına da cəlb olunan futbolçu 2005-06-cı illərdə İmişlinin “MKT-Araz” klubunda çıxış edib. İndi isə Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” ilə yoxlama oyunu zamanı nostalji hisslərə qapılıb: “Belə olsaydı, indi Azərbaycanın daha güclü klubunda çıxış edirdim. Bu 6-7 ildə Azərbaycan futbolunun nə dərəcədə inkişaf etdiyini görürəm və bir o qədər üzülürəm ki, burda qalmadım. İndi oynadığımız “Neftçi”yə qarşı Respublika stadionundakı matçda vurduğum vacib qolu da xatırlayıram. Sonradan “Qarabağ”dan təklif alıb, onların düşərgəsində də oldum. Lakin keçidim baş tutmadı. İndi Azərbaycan və Makedoniya klublarının maliyyə durumu müqayisəyə gəlmir. Bizdə belə imkanlar yoxdur”.


Vüqar XEYRULLAYEV
Türkiyə, Antalya