Kanalesə “kitayski” maraq
24.01.2013 - 17:14
Kanalesə “kitayski” maraq
Bakının “Neftçi” klubunun futbolçusu Nikolas Kanles xarici klubların diqqət mərkəzinə düşüb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, çilili hücumçunun real müştərisi Çindəndir.

Asiya klubunun ölkəmizə göndərdiyi nümayəndələr bakılıların Türkiyə toplanışında “Turnovo” ilə keçirdiyi yoxlama oyununu da izləyib. Makedoniyalılarla matça qədər də “Neftçi” rəhbərliyi ilə təmasa keçən çinlilər Topaz Premyer Liqasının bombardirinin xidmətində maraqlıdır.

Adı açıqlanmayan klubun nümayəndələrinin paytaxt təmsilçisi ilə transfer qiymətində razılıq əldə etmədiyi bildirilir. Belə ki, bakılılar hücumçunu asiyalılara vermək üçün 2 milyon dollar tələb edib.

Vüqar XEYRULLAYEV
Antalya