“Həmyerlilərimdən “Bakı” haqda yalnız xoş sözlər eşitdim” – MÜSAHİBƏ
24.01.2013 - 16:34
“Həmyerlilərimdən “Bakı” haqda yalnız xoş sözlər eşitdim” – MÜSAHİBƏ
“Bakı”da baxışda olan bolqarıstanlı futbolçu Tanko Dyakovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “Bakı”ya gəlişiniz necə baş tutdu?
- Mənim son olaraq oynadığım Qazaxıstanın “Jetısu” klubu ilə müqaviləm bitdi. Ora ötən yay Avroliqada “Lex”lə oyun öncəsi transfer olunmuşdum. Qazaxıstanda qalmaq istəmədiyimdən, başqa kluba keçmək istəyirdim. Sərbəst futbolçuyam və menecerim Vladimir Koyev “Bakı” variatının olduğunu bildirdi. Dedi ki, onlara mərkəz müdafiəçisi lazımdır.

- Təbii ki, bura gəlməmişdən öncə “Bakı”, Azərbaycan futbolu haqda müəyyən məlumatlar əldə etdiniz...
- Həmyerlilərim Aleksandr Tomaş, Stanislas Başev vaxtilə “Bakı”da oynayıblar. Onlar haqda klub, futbolunuz, çempionatınız haqda məlumat aldım və yalnız xoş sözlər eşitdim. Deyilənlər diqqətimi çəkdi.

- Ölkəmizdə oynayan başqa hansı bolqar futbolçularla əlaqələriniz var?
- “Xəzər Lənkəran”dan Radomir Todorov, “İnter”dən Petar Zlatinovu yaxşı tanıyıram. Burada oynamış hücumçu Enyo Krastovçevin də adını çəkə bilərəm.

- Ümumiyyətlə, nə vaxtsa Azərbaycanda olmusunuz, klublarımıza qarşı oynamısınız?
- İndiyə kimi ölkənizdə olmamışam. Ancaq Azərbaycan, paytaxtınız haqda eşitmişəm. Həmyerlilərim Bakını kiçik Dubay adlandırırlar. Komandanıza qarşı isə oynamışam. Bu, “İnter” olub. O, bir neçə dəfə Bolqarıstana təlim-məşq toplanışına gəlib və yoxlama oyunlarında üzləşmişik. Onda “Çerno More”nin heyətində olmuşam.

- Yeri gəlmişkən, Bolqarıstanda çox klubda oynasanız, ən çox “Çerno More”nin heyətində olmusunuz. 3 ildə 100-dən çox matçda meydana çıxmısınız...
- Bolqarıstanda bütün klubların maddi durumu eyni deyil. Bir neçəsində yaxşıdır, qalanlarında o dərəcədə yox. Ölkədən kənarda oynamağı daha məqsədəuyğun saydım.

- “Bakı”nın hansısa oyununu izləmisiniz?
- Bəli. Bu, avrokuboklarda “Levski” ilə matç idi. Onda Sofiyada keçirilən cavam matçında “Bakı” 0:2 hesabı ilə uduzdu. Ancaq oyunu xoşuma gəlmişdi. Komandada hazırkı futbolçulardan tanıdıqlarım yoxdur.

- Sizi yoxlama oyununda sınayıb, haqqınızda qərar verəcəklər...
- Mən buna hazıram. “Bakı”nın düşərgəsində vəziyyətim yaxşıdır. Yaradılan şərait, məşq prosesi xoşuma gəldi. “Bakı”ya keçmək üçün özümü yaxşı göstərib, baş məşqçinin etimadını qazanmağa çalışağacam.

Mehman SÜLEYMANOV
ANTALYA