Böyükağa Hacıyevdən sərt qərar: Vobayı transferə çıxarın!
24.01.2013 - 17:36
Böyükağa Hacıyevdən sərt qərar: Vobayı transferə çıxarın!
Azərbaycanda peyda olduğu ilk vaxtlar ən yaxşı yarımmüdafiəçilərdən olan Julius Vobay “Xəzər Lənkəran”dakı taleyini “Neftçi”də də təkrarlamağa yaxındır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisində intizamsızlığına görə əvəzedici heyətə göndərilən, sonradan Asiyaya qaçan, transferi gerçəkləşməyən syerra-leoneli adətinə sadiq qalır.

Mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərən afrikalı artıq əvvəlki Vobay deyil. Bunu “Neftçi”nin Antalyadakı oyunları da göstərir. Əvvəlki sınaq matçlarında start heyətində yer almayan Julius elə Makedoniya “Turnovo”su ilə qarşılaşmada da yalnız fasilədən sonra meydana çıxdı.

Zəif oyunu ilə yanaşı qırmızı vərəqə almaqla intizamsızlıq da göstərən yarımmüdafiəçi baş məşqçi Böyükağa Hacıyevin də qəzəbinə tuş gəldi. Oyunu texniki zonadan deyil, tribunadan izləyən mütəxəssis yetirməsinin hərəkətinə qısa, eyni zamanda sərt reaksiya verməklə rəhbərliyə müraciət göndərdi: “Oynamaq istəmirsə, Vobayı transferə çıxarın!”.

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən qırmızı vərəqə alan futbolçu komandasını azlıqda qoymadı. Onun əvəzinə başqası meydana daxil oldu.

Vüqar XEYRULLAYEV
Antalya