“O, Azərbaycan transfer bazarının kralıdır” - MÜSAHİBƏ
24.01.2013 - 19:19
“O, Azərbaycan transfer bazarının kralıdır” - MÜSAHİBƏ
Tanınmış serbiyalı futbol meneceri Deyan Başiçin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Sizin kimi tanınmış menecerin Azərbaycan klublarının oyununda görməyimiz nə ilə əlaqədardır?
- Mən müsahibə vermək istəmirəm. Öz işimi görməyi xoşlayıram.

- Müsahibə versəniz sizi daha yaxşı tanıyarlar. Niyə axı hamının sizi tanımasını istəmirsiniz?
- Onsuz da məni hamı tanıyır. Reklama ehtiyacım yoxdur. Bütün futbolçular da, məşqçilər də mənim kim olduğumu bilir.

- Adi azarkeşlər, futbolsevərlərin sizi tanımasının niyə əleyhinəsiniz?
- Mən çalışdığım adamlar tanıyırlar. Gəlin siz mənə Antalya səfərində yardım edən başqa menecerlə danışın. Milorad Çurçiçi nəzərdə tuturam. O, Azərbaycan transfer bazarının kralıdır. Sizə o maraqlı olar. Mən isə başqa bazarların kralıyam.

- Hansı bazarın?
- Çin bazarının.

- “Neftçi”nin Makedoniya “Turnovo”su ilə yoxlama oyununu izlədiniz. Belə çıxır ki, buradan Çin klublarına futbolçu aparmaq istəyirsiz?
- Hələlik izləyirəm. Görək nə olur.

- Əvvəllər də “Neftçi”ni izləmisiniz, ya ilk dəfədir?
- İlk dəfədir.

- Elə isə “elçi” düşdüyünüz oyunçunu hardan tanıyırsınız?
- Hələ baxıram. Görüm kimi bəyənəcəyəm.

- Avropa Liqasının qrupunda “Neftçi” sizin həmyerlilərinizlə - “Partizan”la 2 dəfə qarşılaşdı. Həmin matçları da seyr etmədiniz?
- Yalnız Belqraddakı oyunu. Onu da televiziya ilə.

- Bəs indi izlədiyiniz oyunda kimi bəyənirsiniz?
- Siz “Neftçi”dən kimi bəyənirsiniz? Özünüzü mənim yerimə qoysanız hansı 2 futbolçunu fərqləndirərdiniz?

- Belələri “Neftçi”də çoxdur. Məsələn Nikolas Kanales...
- Bəs ikinci?

- Həmyerliniz Saşa Stamenkoviç və ya...
- Artıq 2 ad çəkdiniz. Onlardan biri qapıçıdır. Çində qapıçı istəmirlər. Onlara hücumçu lazımdır. Deməli, çəkdiyiniz 2 addan biri avtomatik sıradan çıxır. Qalır biri.

- Belə çıxır ki, Kanales üçün gəldiyinizi təsdiqləyirsiniz?
- Hələlik baxıram.

- Onun transferi ilə bağlı “Neftçi” rəhbərliyi ilə danışığınız olubmu?
- Tələsmək lazım deyil. Baxaq, görək, sonra.

- Onu Çinin hansı klubuna aparmaq istəyirsiniz? Asiya ölkəsinin hansı klubları ilə çalışırsınız?
- 3-4 klub var ki, əsasən onlara futbolçu aparıram.

Vüqar XEYRULLAYEV
ANTALYA