Serbiyalının biri getdi, biri gəldi
24.01.2013 - 21:20
Serbiyalının biri getdi, biri gəldi
“Qəbələ”nin düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu, serbiyalı Nikola Valentiçdir.

Atası xorvat, anası serb olan 29 yaşlı Valentiç Serbiya vətəndaşıdır. O, ölkəsində OFK, “Vojdovats” və İsraildə “Bney Saxnin” klublarının şərəfini qoruduqdan sonra Rusiyada legioner həyatı yaşamağa başlayıb.

“Anji”, “Alaniya” və “Sibir” kimi klublarda çıxış edən Valentiç sonuncu dəfə Serbiyanın “Yaqodina” komandasında top qovub. Müdafiəçi olan Nikola əsasən sol cinahda çıxış edir.

Qeyd edək ki, bundan öncə “Qəbələ”nin düşərgəsində baxışda başqa serbiyalı Qoran Qoqiç olmuşdu. Valentiç kimi “Yaqodina”dan gələn Qoqiç “İnqolştadt 04”lə matçda bəyənilməyərək geri göndərilmişdi.

Səbuhi TOFİQOĞLU
ANTALYA