“Rəşadı bəyənsəydim, indi “Krılya Sovetov”da olardı”
24.01.2013 - 22:17
“Rəşadı bəyənsəydim, indi “Krılya Sovetov”da olardı”
"Rəşad Abdullayev haqda eşitmişəm". Bunu apasport.az saytına açıqlamasında Rusiyanın "Krılya Sovetov" klubunun baş məşqçisi Hacı Hacıyev deyib.

Hazırda Antalyada təlim-məşq toplanışında olan Samara təmsilçisi bu gün Xorvatiyanın "Slaven Belupo" komandası ilə yoxlama matçı keçirdi - 0:0. Oyundan öncə təcrübəli mütəxəssisə yaxınlaşıb müsahibə almaq istəsək də, Hacıyev vaxtının az olduğunu əsas gətirərək söhbətdən yayındı. Bununla belə, dağıstanlı çalışdırıcıdan Rəşad Abdullayevin "Krılya Sovetov"un maraq dairəsinə necə düşməsini soruşduq.

Qeyd edək ki, "Qəbələ"nin şərəfini qoruyan Abdullayev bir müddət öncə müsahibəsində xaricdən təklif aldığını, konkret "Neftçi"də çıxış edərkən Hacı Hacıyevin onun oyununu bəyəndiyini və "Krılya Sovetov"a dəvət olunduğunu söyləmişdi.

Amma Hacıyev bu xəbərlərin həqiqətəuyğun olmadığını bildirib: "Düzdü, o futbolçu barəsində eşitmişəm. Amma heç vaxt mənim və komandamın maraq dairəsinə düşməyib. Onun oyununu bəyənmişəm? Rəşadı bəyənsəydim, indi "Krılya Sovetov"da olardı".