“Düzgün olmazdı ki, mənim yaşda “dayı” oynasın, o, ehtiyatda otursun” – MÜSAHİBƏ
25.01.2013 - 11:36
“Düzgün olmazdı ki, mənim yaşda “dayı” oynasın, o, ehtiyatda otursun” – MÜSAHİBƏ
“Simurq”un qapıçısı Dmitri Kramarenkonun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Simurq” sona kimi buna nail olaraq, mükafatçılar sırasılna düşə biləcək?
- Biz mütləq buna nail olmalıyıq və bunun üçün çalışırıq. Sona kimi mübarizə aparacağıq. “Simurq”un ən böyük üstünlüklərindən biri odur ki, çox mütəşəkkil komandamız var. Ola bilər ki, maddi cəhətdən vəziyyət “Bakı”, “Neftçi”, “İnter”dən hardasa aşağıdır. Ancaq hamımız bir vəhdət təşkil edirik və qarşıya qoyduğumuz məqsədə doğru gedirik. İnşallah, qalan 4 oyunumuzdan sonra “altılığ”a düşəcəyik və ardınca qarşımızda başqa vəzifə - mükafatçılar sırasına, avrokuboklar zonasına düşmək olacaq. Hamımız bir məqsədə xidmət etməyə çalışdığından, yaxşı komandamız və nəticəmiz olacaq.

- Çempionatımızın ən yaşlı futbolçusu olan 39 yaşlı Dmitri Kramarenko özünü necə hiss edir?
- Maşallah, şəxsən mən özümü yaxşı hiss edirəm. Normal məşq edirəm. Bu ilin sentyabrında 39 yaşım tamam olacaq. Mən özümü bu yaşda hiss etmirəm. Elə bil ki gənc yaşlarımdır...

- Əsas qapıçınız olan polşalı David Pietrzkieviç cəzalı olduğu son oyunlarda meydana çıxdınız. Sizə uzun müddət ehtiyatda qalandan sonra oynamaq çətin deyildi ki?
- Qətiyyən yox. Vəziyyətim normaldır. Hər gün məşq edib, hazırlaşıram. Demək ki, oyun praktikası öz sözünü dedi, belə şey yox idi. Mən elə yaşdayam ki, hardasa təcrübə hesabına özümü göstərirəm.

- Ancaq hər halda, ehtiyat qapıçı sayılırsınız. Bunu normal qəbul edirsiniz?
- Onda başlamaq lazımdır ki, göz dəyməsin, David çox yaxşı oynayır. Onun 24 yaşı var, gənc, perspektivli qapıçıdır. Düzgün olmazdı ki, 38-39 yaşlı “dayı” oynasın, ancaq gənc ehtiyatda otursun. Yəni hər şey plan üzrə gedir və normaldır.

- Ancaq rəqabət mütləq lazımdır. David arxasında təcrübəli qapıçının olduğunu hiss etməlidir...
- Əlbəttə. Mən vaxtilə Kamran Ağayevlə, indi isə Davidlə rəqabət aparıram. Artıq 1 ildir “Simurq”dayam. Ötən qış yeni gələndə qalan matçların hamısında oynadım. Mövsüm bitəndən sonra yeni qapıçı axtardılar. Yenə deyirəm ki, 38-39 yaşda təcrübə var, ancaq bizə qapıçı lazım idi. Biz onu tapdıq və mən tərəfdən kömək gəldi. David bunu başa düşür və istənilən vaxt onu sığortalaya bilərəm.

- Yəni hələ karyeranızı bitirmək haqda düşünmürsünüz?
- Bəli, düşünmürəm. İnşallah, hələ ki gücüm var, oynayacam. Minimum 2 il, 40 yaşa kimi oynamaq fikrindəyəm.

- Bundan sonra qapıçılarla işləyən məşqçi olmağı, yoxsa hələ əvvəldən planlaşdırdığınız qapıçılar məktəbi açmağı düşünürsünüz?
- Atam Sergey Kramarenkonun xatirəsinə qapıçılar məktəbini açmaq istəyirəm. Bunu etmək lazımdır və özü də mütləq Azərbaycanda. Əgər ölkəmizdəki insanlar başa düşsələr və təşəbbüsümü dəstəkləsələr, yaxşı olardı.

- Pietrzkieviç Polşa mətbuatına müsahibəsində Azərbaycan yığmasında oynamaq istəyini bildirib. Sizcə, o, bizə lazımdır?
- Bizə öz qapıçımız lazımdır. Ümumiyyətlə, mən onun tərəfdarıyam ki, yığmada yalnız azərbaycanlılar oynasın. Mən həmişə bunu demişəm, bundan sonra da deyəcəyəm. Baxmayaraq ki, David mənim komanda yoldaşımdır. Mənim onunla çox yaxşı münasibətim var. Ancaq Azərbaycan millisində azərbaycanlılar oynamalıdır. Bu, mənim şəxsi fikrimdir. Milliləşdirilən ukraynalı qapıçı Andrey Popoviç haqda da bu fikri demişəm. Bizim öz yaxşı qapıçılarımız var – Kamran Ağayev, Səlahət Ağayev, Anar Nəzirov. Onlar üzərində işləmək lazımdır ki, millidə oynasınlar. Bizdə həmişə yaxşı qapıçılar məktəbi olub.

- Qapıçılarımızla bağlı hazırkı vəziyyət sizi nə dərəcədə qane edir?
- Millidə hər 3 qapıçımız perspektivlidir. Ola bilər ki, Anarı bir az, ancaq Kamran və Səlahətlə müvafiq olaraq “Xəzər Lənkəran”la “İnter”də birgə oynadığımdan, onları yaxşı tanıyıram. Kamran artıq özünü sübut edib. O, klubunu müəyyənləşdirəndən sonra oyunlarla formasını yığmalıdır və hər şey qaydasında olacaq. Ancaq yenə də başqa qapıçılara baxmaq lazımdır. Mənim klub məşqçisi kimi belə imkanım olsaydı, bunu müəyyənləşdirərdim.

- Sizcə, yüksəlməyində ximdətiniz olduğu Ağayev hələ uzun müddət “1 nömrə”li qapıçı olacaq və onu heç kim rəqabətlə sıxışdıra bilməyəcək?
- Əgər o, üzərində çalışmağı dayandırmasa, mövqeyini qoruyacaq. Mən həmişə Kamrana demişəm ki, dayanmaq olmaz, sən “1 nömrə” olacaqsan. Ancaq bunun üçün çox işləmək lazımdır. Bu, təkcə məşqlə bağlı yox, başqa şeylərlə də olmalıdır. Kamrana bu dəqiqə oynamaq lazımdır.

Mehman SÜLEYMANOV
ANTALYA