“Millimiz bu il daha çox xal yığmaq şansına malikdir”
25.01.2013 - 13:00
“Millimiz bu il daha çox xal yığmaq şansına malikdir”
“İki oyun keçirəcəyimiz millimizin Dubay toplanışı vacibdir. Özbəkistan və Lixtenşteynlə matçlar yoldaşlıq olmağına baxmayaraq, qalib gəlməliyik. Çünki hər bir oyunda qələbə qazanmaq yaxşıdır”. Bu fikiləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev deyib. Millimizin Dubayda qarşıdakı təlim-məşq toplanışına çağırılan 24 yaşlı hücumçu fevralın 1-də Özbəkistan, 6-da Lixtenşteynlə oyunlara böyük önəm verir.

Rauf bildirib ki, bu oyunlarda qalib gəlsələr, millinin ilk rəsmi matçları öncəsi tam yaxşı əhval-ruhiyyədə olacaqlar: “Lixtenşteyn bizə tanış rəqibdir, çox vaxt milli ilə bir qrupa düşür. Açığı, öz adımdan deyirəm ki, Özbəkistanın oyununu bir o qədər görməmişəm. İstənilən halda, bu matçlarda qalib gəlməyimiz lazımdır. Çünki keçən il Dubayda keçirdiyi oyunlarda - Sinqapur, Hindistan və Fələstinlə matçlarda yaxşı nəticələr əldə etməmişdik. Bundan sonra hardasa 2 ay nəticələr hər yerdə, mətbuatda danışıldı. Az sonra Andorra ilə qolsuz bərabərlik oldu. Yoldaşlıq görüşləri olsa da, belə ölkələrlə qarşı nəticələrimiz ürəkaçan deyildi və bizə mənfi təsir elədi. Bu dəfə qələbə qazanmalıyıq ki, gələn oyunlar öncəsi özümüzə rahat olsun”.

Əliyev bu il yığmamızın daha çox xal yığmağı ilə yeni rekorda imza atmalı olduğunu düşünür: “Martda Portuqaliyanı bir kənara qoyaq, Lüksemburqla çox vacib oyunumuz var. Həmin matçda həqiqətən yalnız qələbə haqda fikirləşməliyik. Çünki bu il məqsəd daha çox xal yığmaqdır. Mən deyərdim ki, əvvəlki illərə, qruplara baxanda bu il şansımız çoxdur. Əsas bunun öhdəsindən gəlməliyik”.

“Bakı”ya keçən futbolçunun özü üçün də 2013-cü il önəmlidir. Çünki Raufun doğulduğu ilan ilidir və çoxları öz ilinin daha uğurlu olacağına inanır. Futbolçunun da bu il ilk oyunu məhz yığmaya təsadüf edir: “İnşallah, mənim, klubum, futbolumuz üçün uğurlu olar və millidə öz sözümü deyərəm. Bilirəm ki, azarkeşlərimiz yığmada son oyunda Şimali İrlandiyadan sonra məndən qol gözləyirlər. Mən də buna çalışacağam. Uşaqlıqdan illərin hansı heyvan üstündə təhvil olmağı haqda danışırlar. Ancaq mən buna bir o qədər önəm vermirəm. İlan sevilməyən heyvandır, mənim də xoşuma gəlmir. Əvvəlki ilan ilində 12 yaşım vardı və hələ futbolla yeni, 2 ildir məşğul idim. Onda səhərdən axşama kimi futbolun içində olmuşam. Bayılda 20-ci sahənin meydançasında Ramiz Səadətovun rəhbərliyi altında oynayırdım. 5 il onunla məşğul oldum və üzərimdə həqiqətən böyük əməyi var. 15-16 yaşımda “Qarabağ”a gəlmişəm”.

Mehman SÜLEYMANOV
ANTALYA