“Karyeramı bitirəndən sonra Bakıda yaşamaq istərdim” - FOTO
25.01.2013 - 18:36
“Karyeramı bitirəndən sonra Bakıda yaşamaq istərdim” - FOTO
“Bakı”nın legioneri Aleksandr Şoliç karyerasını bu klubda bitirmək fikrindədir. Bu haqda xorvatiyalı futbolçu apasport.az saytının Antalyadakı əməkdaşına özü məlumat verib.

Şoliçin sözlərinə görə, karyerasını bitirdikdən sonra ölkəmizdə də qalmaq istəyir: “Karyeramı “Bakı”da başa vurmağı düşünürəm. Ümid edirəm ki, buna nail ola biləcəyəm. Bunu başqa yerdə etmək haqda düşünməmişəm də. Mən karyeramı bitirəndən sonra Bakıda qalıb, yaşamaq da istərdim. Ancaq indidən bilmirəm ki, necə olacaq”.

Artıq 4 ildir “Bakı”da olan Şoliç bu müddətdə komandada fasiləsiz oynayan yeganə futbolçudur. 30 yaşlı yarımmüdafiəçi Azərbaycana gəldiyi ilk vaxtlar darıxsa da, artıq bura tam öyrəşib: “Yeni gələndə bir az darıxırdım. Ancaq getdikcə öyrəşdim. Özü də buna çox vaxt getmədi. Artıq ilk mövsümümdə öyrəşdim və getdikcə mənə daha yaxşı olurdu. Buna görə də özümü indi “Bakı”da sanki evdəki kimi hiss edirəm. Artıq 4 ildir burdayam ki, bu da uzun müddətdir. “Bakı”da oynamağımdan çox razıyam”.

Qeyd edək ki, Aleksandr “Bakı”da 2 dəfə Azərbaycan kuboku, 1 dəfə çempionatımızın gümüş medalını qazanıb.