Hakimlərimiz 40-a çatır
26.01.2013 - 04:07
Hakimlərimiz 40-a çatır
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan hakimlərinin hazırlıqları yekunlaşmaq üzrədir. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, yanvarın 15-də start götürən toplanışın arxada qalan hissəsi məhsuldar alınıb.
Belə ki, yanvarın 30-da Azərbaycana dönəcək ədalət təmsilçilərimiz son 4 gün ərəfəsində 34 qarşılaşma idarə edib. Bu gün daha 6 oyunda da həmyerlilərimizdən ibarət hakimlər briqadası iş başında olacaq. Bu isə rəqəmin 40-a çatacağını göstərir. Qarşıda daha 3 gün qaldığını nəzərə alsaq azərbaycanlı hakimlərin fit çaldığı qarşılaşmaların ümumi sayı 50-yə çata bilər.
Bu göstərici isə təmsilçilərimizlə eyni vaxtda Türkiyədə olan digər ölkə hakimləri ilə müqayisədə daha yüksəkdir. Rumıniya və Polşa hakimləri də təmsilçilərimizin təyinat sayına həsəd aparır.
Türkiyəyə 38 hakimlə gələn heyət hazırlıqlarını 36 hakimlə davam etdirir. Bu da Əliyar Ağayevlə Rəhim Həsənovun İtaliya paytaxtı Romada keçirilən seminara yollanması ilə bağlıdır. Lakin Antalyaya gələn ədalət təmsilçilərinin heç də hamısı təyinat almayıb. Hələ meydana çıxmayanlar son 3 gündə belə şans qazana bilər.
Antalya toplanışının ilk günündən eyni qrafiklə çalışan hakimlərimiz son 4 gündə də bu plana sadiq qalacaq. Səhər və günorta Namiq Quliyevin rəhbərliyi altında fiziki məşğələ keçən ədalət təmsilçiləri bu 2 çalışmanın arasında nəzəri təlimlərə də vaxt ayırır. Tanınmış rusiyalı sabiq FİFA referisi Valentin İvanovun 5 günlük seminarı başa çatandan sonra bu dərslərə Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov başçılıq edir. Günün ikinci yarısında yoxlama oyunlarında olan hakimlər bundan sonra növbəti dərsə yollanır. Son təlimlər daha çox oyun epizodlarının təhlilindən ibarət olur.
Qeyd edək ki, həmyerlilərimizin idarə etdiyi oyunlar arasında “Böyük beşlik” təmsilçisi də olub. Bu, Almaniyanın “Herta” klubudur ki, onun da görüşündə Anar Salmanov fit çalıb.