“Bu, “Dinamo”da oynaya biləcəyimi sübut etmək üçün bir imkandır” - MÜSAHİBƏ
26.01.2013 - 13:45
“Bu, “Dinamo”da oynaya biləcəyimi sübut etmək üçün bir imkandır” - MÜSAHİBƏ
Kiyev “Dinamo”sunun ikinci heyətində baxışda olan Azərbaycan yığmasının futbolçusu Cavid İmamverdiyev Ukraynanın football.ua saytına geniş müsahibə verib. Apasport.az-ın məlumatına görə, “Neftçi”nin 22 yaşlı yarımmüdafiəçisi bu komanda ilə qatıldığı Makarov turnirində iştirakından, paytaxt klubuna keçmək perspektivindən danışıb.

- Kiyev “Dinamo”sunun sizinlə maraqlanmasını nə vaxt bildiniz və necə oldu ki, bu komandada peyda olduz?
- “Dinamo”nun mənimlə maraqlanması haqda menecerim Marko məlumat verib. O dedi ki, məni Kiyevdə tanıyırlar, klub prezidenti və baş məşqçi məni baxışdan keçirməyin əleyhinə deyil. Oleq Bloxin hələlik Kiyevdə yoxdur. Buna görə də indi “Dinamo-2”nin çalışdırıcı Andrey Qusin məni sınayacaq və öz fikrini bildirəcək. İnşallah, hər şey alınsa, mən məhz Kiyevdə oynamaq istərdim. Mənə bu, belə klubda oynaya biləcəyimi sübut etmək üçün bir imkandır.

- Biz Ukraynada həm Avropa Liqasının qrup mərhələsinə çıxan sizin klubunuz “Neftçi”nin, həm də artıq milliyə çağırılan, oranın ən yaxşı gənc oyunçusu olmağınız barədə eşitmişik. Son illər şəxsən siz və komandanız üçün kifayət qədər intensiv alınıb?
- Bəli, biz Azərbaycan çempionu olduq, sonra isə ölkəmizin tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldik. Şəxsən mən şadam ki, normal çıxış etdim. Mənim heç bir oyun öncəsi rəqibdən asılı olmayaraq, istər “İnter”, yaxud “Barselona” olsun qorxu hiss etməmək kimi yaxşı xüsusiyyətim var. Bunu yüksək qiymətləndirirəm. Yeri gəlmişkən, milanlılara qarşı “San-Siro”da oynamaq xoşbəxtliyi mənə nəsib oldu. Bu oyunda “Neftçi” italiyalılarla heç-heçə etdi – 2:2. Fikrimcə, bu şərəflidir. Təəssüf ki, “İnter”ə qarşı yalnız 1 dəfə oynaya bildim. İlk görüşdə zədəm vardı və əməliyyat olunmuşdum.

- İndi karyeranızda yeni səhifə açılır. Dostlarınız, Bakıdakı komanda yoldaşlarınız sizi dəstəkləyirlərmi? Onlar sizin Ukrayna klubunun heyətində özünü sınamaq qərarını müsbət qarşıladılar?
- Hamısına çox sağ ol deyirəm. Hamı mənə dəstək verir, zəng edirlər, internetlə yazışırıq. Klubun prezidenti işlərimlə maraqlanır. Lakin nə deyə bilərəm, mən oyunçuyam. Burada alınmasa, ora gedəcəyəm, oynayacağam, öz səviyyəmi sübut edəcəyəm. Avrokuboklarda döyüşəcəyəm. Lakin istəyirəm ki, burada məndə hər şey alınsın. “Dinamo” böyük komandadır. Burada oynamağı kim istəməz ki? Mən də “Dinamo”nun oyunçusu olmağı arzulayıram.

- “Neftçi”də olan yükləmələrdən sonra bura sizə daha çətin gəlir?
- Hamı ilə birgə işləyirəm. Niyə şikayət edim ki?

- “Dinamo”nun nümayiş etdirdiyi futbol çətin ki, Azərbaycan üslubu ilə müqayisə oluna bilər...
- Fərq var. “Dinamo-2”də ora-bura çox qaçırlar, mübarizə çoxdur. Evdə mən daha çox top ələ keçirirəm. Komanda yoldaşlarım məni tanıyır və ötürməni yerlə verirlər. Burada isə elə başa düşürəm ki, mən özümü təklif etməliyəm, açılmalıyam ki, yeni komanda yoldaşlarım topu qəbul etməyə hazır olduğumu görsünlər. Ümid edirəm ki, onların etimadını qazana biləcəm.

- Makarov turnirində iştirak etdiyiniz oyunlarda sizin ifanızda gördüyümə əsasən üstünlükləriniz sürət və texnikadır. Səhv etmirəm ki?
- Bəli, mənim ən əsas üstünlüyüm topla sürətli davranmağımdır. Məni ötürmə verəni görən kimi topu qəbul edəndən dərhal sonra çalışıram vəziyyəti qiymətləndirim və meydanda baş verənləri görüm. Bunun hesabına rəqibdən daha cəld fikirləşib, hərəkət etməyə çalışıram. Hücumda olmağı çox sevirəm. Həm özüm topla hərəkət edirəm, həm də baxıram ki, komanda yoldaşlarım köməyə gəlibsə ötürmə verəm.

- Belə futbolu harada öyrənmisiz?
- Mən əvvəl Rusiyada – “Spartak”ın gənclər komandasında oynamışam. “Neftçi”yə gələndən sonra isə bu əsl mənim üslubum idi.

- Nə vaxt “Dinamo” ilə əməkdaşlığınız haqda konkret qərarın qəbul olunmasını gözləmək olar?
- Hələlik, Andrey Qusinin mənə qiymət verməsini gözləyirəm. Ümid edirəm ki, yanvarın 27-dən sonra baş məşqçi Oleq Bloxin də gələcək. Məhz onda hər şey həll olunacaq. Alınsa, müqaviləyə imza atacam. Alımasa, mənə əlvida deyəcəklər.

- Bilirsiz, “Dinamo”da kimlə rəqabət aparmalı olacaqsız?
- Bəli, məlumatım var və onlara hörmət edirəm. Biz avrokuboklara, müxtəlif videolara baxırıq. Azərbaycanda “Dinamo”nun futbolçularını tanıyırlar.

- Təəssüf ki, Yussuf və Kadduri ilə görüşə bilmədiz. Lakin Milevski ilə bir yerdə oynadız...
- O yaxşı futbolçudur. Ümumiyyətlə, bu yarış mənə maraqlıdır. Şadam ki, mərhələ adladıq.

- Siz Azərbaycan yığmasının futbolçusunuz. Bir qədər sonra onun heyətində növbəti oyunlarınızı keçirəcəksiz...
- Bəli, Berti Foqts məni milliyə çağırıb. Fevralın 1-də və 6-da Özbəkistan və Lixtenşteynlə oyunlarımız var. Fikrimcə, milliyə kömək edə biləcəm.

- Yeri gəlmişkən, Azərbaycan yığmasında 2 Ukrayna əsilli futbolçu – Vladimir Levin və Aleksnadr Çertaqanov oynayır...
- Əlbəttə ki, onları tanıyıram və dostluq edirəm. Bu futbolçular yaxşı oğlanlardır və Azərbaycanda onlara hörmət edirlər.

- Kiyev “Dinamo”sunda vaxtı ilə “Neftçi”nin sabiq futbolçuları oynayıb. Bu barədə bilirsizmi?
- Eşitmişəm. Aleksandr Jidkov haqda məlumatım var. O, qapıçı olub.

- Ukrayna çempionatında isə 10-a yaxın həmyerliniz çıxış edib.
- Məsələn, kim?

- Samir Əliyev və Kamal Quliyev vaxtı ilə “Volın”da çox parlaq çıxış edib. Bu komanda Donetskdə 3:1 hesabı ilə qalib gələndə Əliyev “Şaxtyor”un qapısına 2 qol vurmuşdu...
- Onları tanıyıram, Samirlə dostam. Axı o bizim “Neftçi”dədir.

- Belədə isə sizə onlardan nümunə götürüb, özünüzü Ukraynada yaxşı göstərməyi arzu edirik.
- Sağ olun. Çalışacağam ki, belə olsun.