“Ən yaxşı oyunum “Xəzər”ə qarşı olub”
26.01.2013 - 14:01
“Ən yaxşı oyunum “Xəzər”ə qarşı olub”
“Bakı”nın litvalı futbolçusu Deyvidas Çesnauskisin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Antalyada hazırlığınız necə gedir?
- Yaxşı. Həm futbolçuların işləməyi, həm də məşqçilərin bizi hazırlamağı məni razı salır. Həqiqətən hazırda özümü çox yaxşı hiss edirəm. Fiziki cəhətdən artırıram. Fikrimcə, hazırda pis formada deyiləm.

- “Bakı”nın qarşısında ilk “altılığ”a düşmək vəzifəsi durur. Turnir cədvəlindəki vəziyyətə baxsaq, buna nail olmaq asan olmayacaq...
- Bəli, qarşımızda asan olmayan vəzifə durur. Prinsipcə, qalan bütün oyunlarda qalib gəlməliyik. Əlbəttə, çətin olacaq. Ancaq inanıram ki, bizdə bu, alınacaq. Biz hər şeyin yaxşılığa ümid edirik.

- “Altılığ”a düşə bilməsəniz, avrokuboklara düşmək üçün bütün diqqətinizi yalnız ölkə kubokuna yönəltməli olacaqsınız...
- Mən hazırda bu haqda düşünmürəm ki, “altılığ”a düşə bilməyəcəyik. İndi fasilədən sonra ilk oyunumuz haqda fikirləşirəm. Hazırda mənim üçün əsas heyətdə yerimi qaytarıb, möhkəmləndirməkdir. Bu baxımdan rəqabət böyükdür və mən də buna hazır olmağa çalışıram.

- Ölkəmizdə debüt mövsümündə titul qazana – ölkə kubokunun qalibi ola bildiniz. Həmin uğuru təkrarlamaq şansını necə görürsünüz?
- Əlbəttə, yenidən Azərbaycan kubokunu qazanmağı istərdim. Bunun üçün məndən nə asılı olacaqsa, hər şeyi edəcəyəm ki, komandamın yenidən kuboku qazanmağına kömək olum.

- Artıq il yarımdır “Bakı”nın heyətində ölkəmizdə çıxış edirsiniz. Bu müddətdə sabit oynamırsınız, cari mövsümdə isə əsas heyətdən daha çox kənarda qalırsınız. Bunu nə ilə izah edərdiniz?
- Mən əvvəlki baş məşçqilərimiz – Aleksandr Starkov, Novruz Əzimovun vaxtında daim əsas heyətdə yer alırdım. Ötən mövsümün 2-ci yarısı məndə çox yaxşı oldu. Bu mövsümdən komandamızı Bojidar Bandoviç çalışdırır. Baş məşqçinin dəyişikliyi ilə taktikamız da dəyişildi. Əvvəl oynamasam da, sonradan meydana çıxırdım. Ola bilər ki, bəzi matçları yaxşı, bəzilərini zəif oynadım. Ancaq mənim mövqeyim yarımmüdafiənin mərkəzindən asılıdır. Əgər mənə bir sinah oyunçusu kimi vaxtında ötürmə verilib, hücuma qoşulmağıma imkan yaradılırsa, yaxşı şeylər edə bilirəm.

- Yeri gəlmişkən, Bandoviçin də sizin kimi “Bakı”ya qədər karyerası Yunanıstana bağlı olub. Onunla həmin vaxtdan tanışlığınız yoxdur?
- Yox. Mən bilirəm ki, o da Yunanıstan Superliqasının iştirakçısı olub, “Olimpiakos”un baş məşqçisi işləyib. Ancaq Bandoviçlə orada görüşməmişik.

- Belə demək olar ki, ölkəmizdə ən yaxşı oyununuzu “Xəzər Lənkəran”a qarşı keçirmisiniz? Ötən mövsüm “altılıq”da bu komandaya evdə 4:1 hesabı ilə qalib gəldiyiniz oyunda het-trik etdiniz, Lənkəranda 1:0 hesablı qələbə qazandığınız matçda da fərqləndiniz...
- Bəli, ən yaxşı oyunum “Xəzər Lənkəran”a qarşı olub. Onda Koke mərkəz hücumçusu oynayırdı və mənə çox yaxşı ötürmələr verirdi. Hər 3 qolumun ötürməsi ondan gəldi. Koke meydanı, məni görürdü. Biz bir-birimizi yaxşı hiss edirdik. Ancaq indi baş məşqçi ayrı olduğundan, taktika, məndən tələblər də başqadır. Ola bilər ki, daha çox müdafiəyə diqqət yetirməliyəm. İstənilən halda, mən nə lazım olduğunu etməyə çalışıram, vəssalam.

- Siz Avropanın bir sıra tanınmış klublarında Şotlandiyada “Harts”da, Rusiyada “Dinamo”, “Lokomotiv”də, Yunanıstanda “Aris”, “Erqotelis”də oynamısınız. “Bakı” karyeranızda hansı yeri tutur?
- Karyeramda burada oynamaq da mənim üçün vacibdir. Bəli, mən yaxşı komandalarda olmuşam. Ancaq mən indi elə kluba gəlmişəm ki, o da yaxşı səviyyədədir. “Bakı” getdikcə, qarşıdakı illərdə daha yüksəlişdə olacaq. Çünki klub üçün bütün şərait yaradılıb və hər şey çox yaxşı səviyyədədir. Fikrimcə, “Bakı”ya bundan sonra daha da güclü futbolçular gələcək. Əlbəttə, belə klubda oynamaq mənim üçün yaxşı təcrübədir.

- Bəs Azərbaycan çempionatını oynadığınız digər çempionatlarla necə müqayisə etmək olar?
- Hər çempionat fərqlidir. Rusiyada bir cürdür, Şotlandiyada daha çox atletik futbola, mübarizələrə, Yunanıstanda texniki oyuna üstünlük verilir. Mən Şotlandiyada oynayanda, 2 komanda – “Seltik”lə “Reyncers” çox yaxşı səviyyədə idi. Hazırda Azərbaycana çoxlu yaxşı legionerlər gəlir və çempionatın səviyyəsi artır. Mən kənarda oynayanda, Azərbaycan çempionatını izləmirdim. Sadəcə, təklif alanda, maraqlanmağa başladım. Bilirdim ki, bir sıra həmyerlilərim, o cümlədən Robertas Poşkus Azərbaycanda oynayıb. O, mənə danışırdı və futbolunuz, çempionatınız haqda yaxşı fikirdəyəm.

- Litva ilə Azərbaycan futbolu, çempionatı arasında hansı fərqlər var?
- Mən onlar arasında müqayisə aparmazdım. Çünki bizdə futbolda elə də pullar yoxdur ki, yaxşı oyunçular gətirə biləsən. Ancaq Litvada səviyyə pis deyil, gənc futbolçular çalışırlar və ölkə kənarına çıxırlar. Azərbaycan futbolu səviyyəsinə görə Litvadan güclüdür.

Mehman SÜLEYMANOV
ANTALYA