“Bakı”da 3 yeni legioner
26.01.2013 - 17:11
“Bakı”da 3 yeni legioner
“Bakı”nın düşərgəsində 3 yeni legioner yer alıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, rumıniyalılar İliye İordaçe, Lusian Qoyan və makedoniyalı Krste Velkoski “zolaqlılar”a baxışa gəlib. Sonuncu bu gün səhər komandanın məşqinə iştirak edib. Ancaq rumıniyalılara ötən gecə gəldiklərindən, yol yorğunluqları nəzərə alınaraq, istirahət verildi. Onlar axşam məşqinə qatılacaqlar.

25 yaşlı Velkoski hücumçudur və onun karyerasının böyük hissəsində vətənində ən tanınmış klublardan olan “Rabotniçki”yə bağlıdır. Belə ki, futbolçu onun heyətində 2 müxtəlif vaxtda (2006-08, 2011-13, 73 oyun, 19 qol) oynayıb. Makedoniya paytaxtı Skopyenin digər təmsilçisi – “Metallurq”da (2009, 32 oyun, 6 qol) da oynayan Krste ardından legioner həyatı yaşayıb. Belə ki, Rumıniya və Kiprdə də çıxış edən Krste bu il Cənubi Koreyanın “Qanqvon” klubuna getsə də, keçidi baş tutmayıb.

28 yaşlı İordaçenin karyerasının böyuk hissəsi vətəni ilə bağlıdır. Belə ki, o, Rumıniyanın ən tanış klublardan Buxarest “Rapid”i, “Dinamo”su ilə yanaşı, “Şkolar”, “Universitatea”, “Panduri”, “Qloriya”, “Konkordiya”da oynayıb. Sonuncularının şərəfini 2011-ci ildən qoruyan hücumameyyli yarımmüdafiəçi indiyə kimi 1 dəfə legioner həyatı yaşayıb. Bu, 2009-10-cu illərdə Yunanıstanın AEK klubunda olub.

30 yaşlı Qoyan da daha çox Rumıniyada oynayıb. O da Buxarest “Dinamo”sunun formasını geyib (2004-06, 2007-10, 70 oyun, 1 qol). Mərkəz müdafiəçisi vətənində həmçinin “Foresta”, “Oneşti”, “Çahlaul”, “Astra”da oynayıb. 2012-ci ildən legioner həyatı yaşayan Qoyan Çinin “Tyanjin” klubunda 27 oyunda 2 qol vurub.

Qeyd edək ki, “Bakı” onlarla yanaşı, 5 legioneri baxışdan keçirir.

Mehman SÜLEYMANOV
ANTALYA