“Qəbələ”nin məşqçisi: O, İsveçdən gəlib
26.01.2013 - 23:18
“Qəbələ”nin məşqçisi: O, İsveçdən gəlib
“Bu gün Qəbələ Akademiyasından 16 yaşlı bir futbolçunu heyətimizdə oynatdıq. Mən şadam ki, o, ilk oyununda yaxşı təsir bağışladı”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Luis Araqon deyib.

Bu gün “Qəbələ”nin ikinci komandası “Mirakl” otelinin meydançasında Moskva “Dinamo”su ilə növbəti yoxlama oyununu keçirib. Azərbaycanlı hakimlərin idarə etdiyi görüşdə “Qəbələ”nin bir futbolçusuna qırmızı vərəqə də göstərilib. Ancaq görüş qolsuz bərabərliklə başa çatıb.

İspaniyalı çalışdırıcı rəqib və yeni 3 oyunçu haqda da danışıb: “Rəqib yaxşı komanda idi. Ancaq rəqibin kimliyi və havanın bəzən pis olması belə, futbolçularımın topa nəzarət etməsinə əngəl yaratmadı. Futbolçularımdan Rəşid və Müşviq yüksək səviyyədə çıxış etdi. Ancaq ümumilikdə komanda şəklində hamı yaxşı idi. Yeni futbolçularımızdan “9” nömrəli Siracın yaxşı korpusu var, topla tək toxunuşla oynaya bilir, İsveçdən gəlib. Eminin yaxşı driblinqi, texnikası, düşünmə qabiliyyəti var, onu “Qarabağ”dan götürmüşük. “5” nömrəmiz isə çox yaxşı müdafiəçidir, Rusiya futbolunun yetirməsidir”.

Səbuhi TOFİQOĞLU
ANTALYA