“Neftçi” ilə səfərdə oynamaq həmişə çətin olurdu” - MÜSAHİBƏ
27.01.2013 - 10:36
“Neftçi” ilə səfərdə oynamaq həmişə çətin olurdu” - MÜSAHİBƏ
Minsk “Dinamo”sunun baş məşqçisi Oleq Protasov Antalyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının məlumatına görə, sovet futbolunun əfsanəsi ölkəmiz haqda da danışıb.

- Oleq Valeryeviç vaxtilə “Dnepr” və Kiyev “Dinamo”sunun heyətində Bakıya gəlmisiniz. Azərbaycan haqda xatirələriniz necə qalıb?
- Siz əvvəl mənə deyin görüm, bizim məşq etdiyimiz meydanın qonşu arenada oynayan təmsilçiniz “Xəzər Lənkəran” Rumıniya “Timişoara”sı ilə necə oynadı?

- Rumıniyalılar 2:0 hesabı ilə qalib gəldi.
- Bəs yunan Dmitrios Sialmasın ordakı işləri necə gedir?

- Pis deyil. O sizin rəhbərliyiniz altında çıxış edib ki?
- Yox, amma “Dinamo”dakı yunan köməkçim onunla birlikdə çalışıb. Bu üzdən mənim də xəbərim var.

- Deyəsən futbolumuzla maraqlanırsınız?
- Sadəcə qəzetlərdən oxuyuram. Qazaxıstanda çalışanda yığmaların oyununu izləmişəm.

- SSRİ dövründəki Bakını necə xatırlayırsınız?
- Paytaxtınız yaddaşımda çox gözəl bir şəhər kimi qalıb. Çox qonaqpərvərlik görmüşəm orda. İndi internetdə şəkillərinə baxıb görürəm ki, şəhər daha da gözəlləşib.

- Azərbaycanda futbolçu dostlarınız varmı?
- Yox.

- Bakıya son səfəriniz və ya qolunuz yadınızdadırmı?
- O vaxt çox gənc idim. Başqa nə isə xatırlamıram. Siz jurnalistlər xatırlamırsınızsa mən hardan bilim, Amma bilirəm “Neftçi” ilə səfərdə oynamaq həmişə çətin olurdu.

- Azərbaycanlı futbolçulardan kimisə tanıyırsınızmı?
- Heç birini.

- Onlardan biri – Cavid İmamverdiyev ilə şərəfini qoruduğunuz Kiyev “Dinamo”sunun düşərgəsindədir. Bundan xəbəriniz varmı?
- Oynayar görərik, bilərik.

- Baş məşqçi kimi xeyli komandada işləmisiniz. Azərbaycanda çalışmaq təklifi almısınızmı?
- Azərbaycan komandalarından konkret təklif almamışam. Lakin ölkənizdən mənə zəng etmişdilər.

- Bu nə dərəcədə ciddi idi?
- Onlar sadəcə maraqlanır, mənim ilkin fikrimi öyrənirdilər. Mən də dedim ki, danışıqlar üçün açığam.

- Bu variant klub, yoxsa yığma ilə baölı idi?
- Bu zəng yığmalardan deyildi, adını açıqlanmadığım klubla bağlı idi. Daha çox kəşfiyyat xarakteri idi. Ciddi söhbət yox idi.

- İndi belə təklif olsa qəbul edərsiniz?
- Onlarla danışıqlara aparmağa indi də hazıram. Bunun əleyhinə deyiləm. Məmnuniyyətlə Azərbaycan klubunda çalışaram”.

- Həmyerlilərinizdən Anatoli Konkov, Anatoli Demyanenko, Valentin Xodukin, Roman Pokora kimi mütəxəssislər Azərbaycanda çalışıb. Bundan xəbəriniz varmı?
- Məlumatım var. Demyanenko ilə komanda yoldaşı olmuşuq.

Vüqar Xeyrullayev
Antalya, Türkiyə