“Qalatasaray”da daha iki ulduz futbolçu
27.01.2013 - 06:40
“Qalatasaray”da daha iki ulduz futbolçu
“Qalatasaray” hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderin transferindən sonra daha iki ulduz futbolçu ilə anlaşıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim-Bom” bir necə gündür danışıqlar apardığı Didye Droqba ilə Kolo Turenin transferini həll edib.

İstanbul klubunun idarə heyətinin üzvləri Bülənt Tulun və Sinan Kalpakçıoğlu CAR-da təşkil edilən Afrika Millətlər Kubokuna yollanıb və hər iki oyunçu ilə ilkin razılığa gəliblər.

“Qalatasaray” 1.5 illik anlaşdığı forvarda 7.5 milyon avro maaş ödəyəcək. Həmçinin ulduz futbolçu müqavilə imzaladığı təqdirdə, ona ayrıca 2.5 milyon avro da veriləcək. “Aslanlar” Ture ilə də eyni 1.5 illiyinə anlaşıb. “Qalatasaray” müdafiəçinin klubu “Mançester Siti”yə 3 milyon təzminat haqqı, Kolonin özünə isə 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Didye Droqba ilə Kolo Ture Fil Dişi Sahili milli komandasının heyətində Afrika Millətlər Kubokunun qrup mərhələsində mübarizə aparır.