Cokoviç yoxsa Murrey?
27.01.2013 - 07:31
Cokoviç yoxsa Murrey?
“Böyük Dəbilqə” seriyalından keçirilən Avstraliya açıq tennis turnirində kişilərin fərdi mübarizəsinə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə son iki ilin çempionu Novak Cokoviçlə Endi Murrey üz-üzə gələcək.

Qarşılaşa Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Bu tennisçilərin tarixi və statistikaları belədir:

- İki tennisçi daha əvvəl 17 dəfə üz-üzə gəlib. Bu matçlardan 10-unu Cokoviç qazanıb, 7-sini isə Murrey.

- İki tennisçi sərt kortda 14 dəfə qarşılaşıb və serbiyalı idmançının 8:6 hesablı üstünlüyü mövcuddur.

- İki tennisçi “Böyük Dəbilqə” seriyalından keçirilən turnirdə üç dəfə üz-üzə gəlib. Cokoviç 2011-ci ildə Avstraliya açıq tennis turnirinin finalında üç setdə və ötən il (2012) Avstraliya açıq tennis turnirinin yarımfinal qarşılaşmasında beş setdə qalib gəlib. Murrey isə ötən il Amerika açıq tennis turnirinin finalını beş setdə öz xeyrinə tamamlayıb.

- Cokoviç final yolunda cəmi 14 saat 37 dəqiqə kortda qalıb. Murrey isə 12 saat 56 dəqiqə.