“Bakı”nın futbolçuları yığmalarımıza yollandılar
27.01.2013 - 11:18
“Bakı”nın futbolçuları yığmalarımıza yollandılar
“Bakı”nın 2 futbolçusu Azərbaycan yığmalarına yollanıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, müdafiəçi Şəhriyar Əliyev 21, hücumçu Namiq Ələsgərov 19 yaşlılardan ibarət yığmanın düşərgəsində yer alıb. Onların hər ikisi “Bakı” kimi Antalyada təlim-məşq toplanışındadır və yoxlama oyunları keçirəcək.

“Zolaqlılar”dan Antalyaya hazırlığında iştirak edən müdafiəçi Novruz Məmmədov, yarımmüdafiəçi Rəhman Hacıyev və hücumçu Nurlan Novruzov da U-21-nin üzvləri olsa da, bu dəfə yalnız Şəhriyar yığmaya yollanıb. Belə ki, almaniyalı baş məşqçi Bernard Lippert “Bakı”da əsas heyətdə möhkəmlədən Əliyevə növbəti seçmə mərhələ öncəsi böyük ümidlər bəsləyərək, ona baxmaq istəyir. Namiq isə bu ay U-19-nun heyətində Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edərək, ən yaxşılardan olmuşdu.

Qeyd edək ki, “Bakı”dan əsas yığmanın Dubay toplanışına çağırılan yarımmüdafiəçi Elvin Məmmədovla hücumçu Rauf Əliyevi komanda ilə birgə yanvarın 28-də Antalyadan qayıdaraq, Bakıda milliyə qoşulacaq.

Mehman SÜLEYMANOV
ANTALYA