“İndi hər bir oyun çətindir” - MÜSAHİBƏ
28.01.2013 - 00:01
“İndi hər bir oyun çətindir” - MÜSAHİBƏ
“İnter” klubunun seneqallı yarımmüdafiəçisi İbrahim Niassenin apasport.az saytına müsahibəsi

- Təlim-məşq toplanışı necə gedir?
- Yaxşı başlamışıq. İki həftə fiziki hazırlıq üzərində çalışdıq. Çempionatdakı gərgin oyunlardan sonra fasilə yarandı. Buna görə də oyun təcrübəsini itirməmək üçün toplanış çərçivəsində vacib görüşlər keçirdik. Bu qarşılaşmalar çempionat başladıqda bizim üçün əhəmiyyət daşıyacaq.

- Yoxlama oyunları haqda nə deyə bilərsiniz? Komanda özünü necə göstərdi?
- Təlim-məşq toplanışında əsas məqsəd futbolçuların funksional hazırlığını yüksəltmək, oyun sistemini formalaşdırmaq, hazırlıq səviyyəsini yaxşılaşdırmaqdır. Bunları həyata keçirmək baxımından yoxlama oyunları vacib əhəmiyyət kəsb edir. Fiziki məşqlər etdik. Yoxlama oyunlarında isə baş məşqçi fasilədən sonrakı dönəmə nə dərəcədə hazır olduğumuzu aydınlaşdırmaq, yoxlamaq istəyirdi. Əlbəttə, bu cür oyunlarda nəticədən çox, sadaladıqlarımı iş başında görmək əhəmiyyət kəsb edir. Hələlik 3 yoxlama oyununda gücümüzü sınamışıq. Birində uduzub, digər ikisində heç-heçə etmişik. Bu oyunlarda 20 futbolçu sınaqdan keçirilib.

- Baş məşqçi Kaxaber Sxadadzenin oyunlar zamanı səsləndirdiyi iradlar əsasən nə ilə bağlıdır?
- Təbii ki, bütün matçlar analiz olunur. O, bizə hansı mövqedə necə oynamalı olduğumuzu çatdırır. Bu da normal prosesdir. Biz daim inkişaf etməliyik. Baş məşqçi də bunu bizdən tələb edir, rəqibin yerdəyişmələr etdiyi zamanı bizim hansı addımlar atmalı olduğumuzu başa salır. Futbol daim inkişaf edir.

- Antalya yağışlı bölgədir. Hava mülayim olsa da, hər zaman yağış yağır. Bu da futbolçulara müəyyən çətinlik yaradır. İqlim sizi yormur?
- Buranın hava şəraiti fərqlidir. Tez-tez yağış yağır. Amma bizim işimiz məşq etmək, baş məşqçinin verdiyi tapşırıqları meydanda həyata keçirməkdir. Bu bizim işimizdir və heç nə problem yaratmamalıdır.

- “İnter” qış fasiləsinə zirvədə yollandı. Fasilədən sonra da bu üstünlüyünü qoruya biləcək gücdədirmi?
- Çox çətin olacaq. Azərbaycan çempionatında güclü rəqabət var. “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi komandaların öz aralarındakı oyunları kifayət qədər maraqlı keçir. İndi hər bir oyun çətindir. Birinci yerdə olmağımız yaxşı işin nəticəsidir. Çalışmalıyıq ki, bu üstünlüyümüzü sona qədər davam etdirək

- Çempionatın sonluğu ilə bağlı proqnoz verə bilərsiniz?
- Proqnoz vermək çox çətindir. Yuxarıda adlarını çəkdiyim komandaların hər biri çempionluq uğrunda mübarizə aparır. Onların hamısı ilə “vuruşacağıq”. “İnter”in güclü potensialı var. Çempion olmaq üçün şansımız davam edir. Biz də bunu reallaşdırmaq üçün hazırlaşırıq.