Bojidar Bandoviç: “Bakı” hələ hazır deyil - MÜSAHİBƏ
28.01.2013 - 00:00
Bojidar Bandoviç: “Bakı” hələ hazır deyil - MÜSAHİBƏ
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Türkiyədə son yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Serbiyalı çalışdırıcı Xorvatiyanın “Osiek” klubu ilə 0:0 hesabı ilə nəticələnən matçdan sonra apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

- İlk olaraq oyunu dəyərləndirməyinizi istərdik...
- Mənə elə gəlir ki, ilk hissə yaxşı idi. Yalnız çatışmayan qol idi. Bunun üçün bəzi şanslarımız oldu. Fikrimcə, taktiki cəhətdən yaxşı oynadıq. İkinci hissə haqda danışmaq çətindir. Çünki çoxlu yeni futbolçular vardı, onlar bir-birinə yaxşı tanımırdılar.

- Artıq toplanış başa çatdı. Baxışa gələn həmin çoxlu futbolçudan kimin lazım olub, kimin olmadığını özünün üçün qərarlaşdırmısınız?
- İndi adlar haqda danışmayacağam. Axşam oturub, köməkçimlə söhbətləşəcəyəm. Mən vitse-prezidentimiz Zeynal Məmmədova da yeni futbolçular haqda nə düşünməyimlə bağlı məlumatlar çatdıracağam. Bundan sonra bir qərar verəcəyəm.

- Heç olmasa sayı özünüz üçün müəyyənləşdirmisiniz?
- Biz 3 mövqeyə futbolçu axtarırıq və bu sayda oyunçuya baxacağıq. Mənim məqsədim o deyil ki, futbolçuya ehtiyacım var, onu alaq. Yəni əsas odur ki, oyunçu gəlib bizə kömək etsin.

- Yeni qapıçınız Kamran Ağayev ilk dəfə “Bakı”nın heyətində meydana çıxaraq, oyunda yeganə əvəz etmədiyiniz futbolçu oldu. Onun oyununa necə qiymət verərdiniz?
- Kamran yaxşı təsir bağışladı. Uzun müddətdir oynamadığından, praktikasız idi. Ancaq bu gün öz işini yaxşı gördü.

- Antalyadakı 2 həfətlik təlim-məşq toplanışınıza necə yekun vurardınız?
- Əvvəlki test günlərini saymasaq, 14 gün burda olduq. Əlbəttə, fiziki gücümüzü artırmaq üzərində işlədik. Fikrimcə, bu cəhətdən yaxşı olacağıq. İlk həftədən daha əzmlə işlədik. Mən şox şadam ki, keçdiyimiz bu hazırlıq proqramında bizdə zədəli futbolçu olmadı. Komanda Bakıya qayıdandan sonra 3 gün istirahəti olacaq. Sonra oyuna hazırlaşacağıq. Bəzi detallar üzərində işləməli olduğumuzdan, hələ hazır deyilik. Biz oyunumuzu daha da inkişaf etdirə bilərik.

- “Bakı”ya çoxlu legionerlər baxışa gəldi. Olmazdı ki, seleksiya işini əvvəldən görüb, lazım olan mövqelərə futbolçular birbaşa müqaviləyə gələrdilər?
- Bizim indi başqa çıxış yolumuz yox idi.

- Komanda müdafiədən hücuma çıxmaqda çox çətinlik çəkirdi. Bu, nədən irəli gəlirdi? Futbolçuları çox yüklədiyinizdən, üzərlərində ağırlıq var, yoxsa?
- Mən sizinlə razı deyiləm və həmin şeyi görməmişəm. Biz daha çox hücum futbolu oynamağa çalışırıq. Özünüz gördünüz ki, bu komanda çox kompakt oynayırdı.

- Geriyə ötürmələr çox olurdu...
- Mənə birinci lazım olan futbolçularımın topu itirməməyidir. Elə komandaya qarşı oynayırsan ki, 40 metr arxada oynayır. Onlar tez oynasalar, topu tez itirərlər. Əlbəttə, biz də bunu istəmirik. Topa hərəkət edərək, baxıb irəli oynamalıyıq. Topu bacardığımız qədər tez bir zamanda qapıya tərəf aparmalıyıq. Rəqibin oyununu nəzərə alsaq, bu, taktiki cəhətdən bir qədər çətindir.

- Bu taktika rəqibə uyğun seçilmişdi?
- Hər oyunun öz taktikası var.

- “Bakı”da lider olan bilən dayaq yarımmüdafiəçisinə ehtiyac olduğunu düşünmürsünüz?
- Mənə elə gəlir ki, indi bu haqda düşünməməliyik. Onu fikirləşməliyik ki, biz bu dəqiqə nə lazımdır. İşimizi addım-addım görürük. Bizə hazırda dayaq yarımmüdafiçisi lazım deyil.

Mehman SÜLEYMANOV
ANTALYA