“Dağıstandan olan futbolçuları adətən “Qarabağ” və “Şahdağ”da görərdik”
28.01.2013 - 09:06
“Dağıstandan olan futbolçuları adətən “Qarabağ” və “Şahdağ”da görərdik”
“Metallurq”a qarşı 2 heyətlə oynadıq. Çünki “Petrolul”la da oyunumuz var. Bu üzdən əvəzedici komandadan 4-5 futbolçunu ukraynalılara qarşı oynatdım. Əsas heyətə isə fasilədən sonra istirahət verdim”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Ramiz Məmmədov planda nəzərdə tutulduğu kimi 4 yox, 6 matç keçirmələrini isə belə əsaslandırdı: “Mənə yeni oyunçularımızın köhnələrlə xətlərarası əlaqələrini möhkəmləndirmələrini görmək lazımdır. Bu üzdən qrafikdən kənara çıxıb daha 2 oyun keçirməyimizi istədim. Biz onsuz da bərpa prosesini ölkəmizdə keçəcəyik, buna vaxtımız olacaq. Ona görə yorğun olacağımızla bağlı qorxulu bir şey düşünmürəm”.

“Qəbələ”nin çalışdırıcısı baxışda olan və olduqca zəif təsir bağışlayan dağıstanlı futbolçular haqda isə pis söz demək istəmədi: “Biz Dağıstandan olan futbolçuları adətən “Qarabağ” və “Şahdağ”da görərdik. Ordan çox istedadlı oyunçular çıxır. Bizim də borcumuzdur ki, belə oyunçuları yoxlayaq. Onların necə təsir bağışlamaları haqda yekun qərarımızı fevralın 1-dən sonra deyəcəyik”.

Səbuhi TOFİQOĞLU
ANTALYA