“Qəbələ” Antalyada ikinci qələbəsini qazandı – YENİLƏNİB
28.01.2013 - 20:56
“Qəbələ” Antalyada ikinci qələbəsini qazandı – YENİLƏNİB
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində 4-cü yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “İnqolştadt 04” (3:4), “Volın” (2:1) və Zaporojye “Metallurq”un (1:1) ardından “qırmızı-qaralar” Rumıniya “Petrolul”u ilə qarşılaşıb.

Yerli vaxtla saat 17:00-da başlayan oyun “Qəbələ” üçün yaxşı başlayıb. Belə ki, Ramiz Məmmədovun yetirmələri 8-ci dəqiqədə Yannik Kamananla hesabı açıb və fasiləyə bu üstünlüklə yollanıb. İkinci yarının 80-ci dəqiqəsində isə Rəşad Abdullayev hesab arasındakı fərqi bir qədər də artırıb – 2:0. Bu qol həm də matçın nəticəsini müəyyənləşdirib.

Beləliklə, “Qəbələ” Antalyada ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, əsası 1924-cü ildə qoyulan Ployeşti klubu indiyədək fərqli adlar altında ölkə çempionatlarında çıxış edib. 4 dəfə ölkə çempionu olan “Petrolul” hazırda Rumıniya elitasında 6-cı pillədədir. Komandanı məşhur Kosmin Kontra çalışdırır. Onun fiziki hazırlıq üzrə köməkçisi isə “Neftçi” və “Xəzər Lənkəran”dan bizə yaxşı tanış olan italiyalı Covanni Melkiorredir.

“QƏBƏLƏ” (AZƏRBAYCAN) – “Petrolul” (Rumıniya) - 2:0

QOL: Yannik Kamanan, 8, Rəşad Abdullayev, 80