“Ərciyəsspor”dan ayrılmağımın günahkarı özüməm”
28.01.2013 - 14:36
“Ərciyəsspor”dan ayrılmağımın günahkarı özüməm”
“Ərciyəsspor”dan qayıtmağımın səhvi özümdədir. Hər şeyi səhv fikirləşirdim. Etiraf edim ki, peşəkar kimi məsələyə yanaşmamışdım”. Bunu “Qəbələ”nin yeni futbolçusu Amit Quluzadə apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına deyib.

Ötən mövsüm Türkiyənin I dəstə klubu “Ərciyəsspor”a transfer olunan Amit mayda vaxtında əvvəl müqaviləni qarşılıqlı şəkildə pozub vətənə qayıtdı. İndi Superliqaya çıxmağa əsas namizədlərdən olan Kayseri klubunu tərk etdiyinə görə gənc futbolçu peşmançılıq hissləri yaşayır.

O, oynamamasının səbəbini özündə axtarmaq əvəzinə, baş məşqçi Osman Özköylüdə görməsinin səhv olduğunu etiraf edir: “Günah məndə idi. Fikirləşirdim ki, mən pis oynamıram, məşqçinin qərarını başa düşmürdüm. Ancaq hər məşqçinin öz qərarı var. Gərək buna hörmətlə yanaşasan. Əksinə ona sübut etməlisən ki, yaxşı futbolçuyam. Mən də səhv fikirləşdim və getmək istədiyimi klub prezidenti Ziya Ərənə bildirdim. Halbuki bu sözü ona deməməliydim. Çünki o mənə heç bir futbolçuya etmədiyi şəraiti yaratmışdı. Ancaq bu mənə dərs oldu. İndi oynamaq üçün sonacan mübarizə aparacam”.

Oynamamasının ona çox pis təsir etdiyini, pley-off matçlarında meydana çıxmamasının onu sındırdığını deyən Quluzadə Cihan Özkaranın “Ərciyəsspor” karyerası haqda isə bunları dedi: “Mən komandadan ayrılanda o gəldi. Yadıma gəlir ki, o mənə zəng etmişdi. Biz U-21-də komanda yoldaşı olmuşuq. Ona “Ərciyəsspor”da maliyyə, şərait baxımından hər şeyin qaydasında olduğunu demişdim. Ancaq mənə də qəribə gəldi ki, o orda niyə cəmi 2-3 oyun keçirdi. Halbuki mən 60-70 faiz matçlarda meydana çıxmışdım”.

Səbuhi TOFİQOĞLU
ANTALYA