“Ceyhun Sultanovun qaçmağına ehtiyac qalmayacaq”
29.01.2013 - 00:07
“Ceyhun Sultanovun qaçmağına ehtiyac qalmayacaq”
“Futbolçulardan razıyam. Onlar tapşırıqların öhdəsindən gəlməyi bacardı. Futbol qaçmaq oyunudur. Nə qədər qaçacaqsan və nə qədər texniki hazırlığın yuxarı olacaq, bir o qədər uğur qazanacaqsan. Bu gün vaxtında həm müdafiə olunduq, həm də əks hücumlara çıxdıq və nəticədə 2:0 hesabıyla qalib gəldik”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Rumıniyanın “Petrolul” komandasına 2:0 hesabı ilə qalib gələn “Qəbələ”də yeni transferlərdən Amit Quluzadənin oyunu yaxşı mənada diqqəti çəkib. Elə Məmmədov da oyundan sonra verdiyi açıqlamasında bunu dilə gətirib: “Ümumilikdə, bütün futbolçulardan razıyam. Ancaq Amitin oyunundan 100 yox, 200 faiz razı qaldım. O, tempə tab gətirdi və verdiyim tapşırığı yerinə yetirdi”.

Çempionatda hücum futbolu oynadacağını deyən Ramiz Məmmədov “Metallurq”la matçda ilk qolunu vuran Ceyhun Sultanovla bağlı da maraqlı açıqlama verib: “Məncə, qaçmayan futbolçuları məşqçilərin çoxu sevmir. Ancaq qaçmayan futbolçu Georgi Hacı kimi olur. Qaçmır, amma bir ötürmə ilə oyunun taleyini həll eləyir. Əgər Ceyhun bunu bacarsa, hamının qabağında söz verirəm ki, heç onun qaçmağına ehtiyac qalmayacaq. Ancaq o ötürməni verə bilməyəcəksə, hamıdan çox Ceyhun qaçacaq. Məşqlərdə də onun hamıdan çox qaçdığını görmək olar”.

Səbuhi TOFİQOĞLU
ANTALYA