“Qəbələ”də yeni futbolçuların müqavilə müddətləri bəlli oldu
31.01.2013 - 07:25
“Qəbələ”də yeni futbolçuların müqavilə müddətləri bəlli oldu
“Qəbələ” qış fasiləsində baxışdan keçirdiyi əcnəbilərdən 5-i ilə anlaşdı. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, həmin oyunçularla Bakıda müqavilə bağlanması dəqiqləşib.

Artıq bu 5 futbolçu ilə bağlanacaq müqavilələrin müddətləri də bəllidir. Əvvəlcədən də bilindiyi kimi, demək olar ki, oynadılmamış komandaya götürülən rumıniyalı müdafiəçi Kristian Pulhakla 2 illik müqavilə bağlanacaq. Seneqallı hücumçu Mustafa Dabo ilə qısa müddətə anlaşma bağlanması nəzərdə tutulsa da, sonradan tərəflər bu müddətin 1,5 il olmasını razılaşdırıb.

Komandanın Mingəçevir toplanışına ən erkən baxışa gələn sloveniyalı yarımmüdafiəçi Luka Jinko ilə “6 ay + 1 il” şərtli müqavilə bağlanacaq. Görünür, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Jinkonun yoxlama oyunları zamanı o qədər də inamlı təsir bağışlamaması müqavilənin qısa müddətli olmasını şərtləndirib.

Nigeriyalı İfeanyi Emeqara və komandaya ən sonda götürülməsinə qərar verilən serbiyalı Nikola Valentiçlə isə 1 illik müqavilə bağlanacaq. Maraqlıdır ki, hər iki oyunçu “Qəbələ”də bir-birinə rəqib olacaq. Çünki bu futbolçular müdafiənin sağında çıxış edir.

Səbuhi TOFİQOĞLU
ANTALYA