Tanış rəqiblə qeyri-rəsmi oyun
31.01.2013 - 12:19
Tanış rəqiblə qeyri-rəsmi oyun
Sabah Azərbaycan milli komandası 2013-cü ildə ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçən Berti Foqtsun baş məşqçisi olduğu yığmamız tanış rəqib olan Özbəkistan millisi ilə qeyri-rəsmi oyunda üzləşəcək.

Tanış rəqib ona görədir ki, Özbəkistan millimizin 21 illik tarixində ən çox – 9-cu dəfə üzləşəcəyi komanda olacaq. Qeyri-rəsmi oyun isə onunla əlaqədardır ki, matç günü FİFA-nın “pəncərəsi”nə düşmür. Belə ki, millimizin Dubayda Lixtenşteynlə oynayacağı fevralın 6-sı həmin tarixə təsadüf edir.

İstənilən halda, bu, növbəti ilə startdır və matç bizim üçün önəm daşıyır. Üstəlik, rəqib zəif deyil, Asiyada öz sözünü deyənlərdəndir. Mircəlal Qasımovun baş məşqçisi olduğu Özbəkistan yığması bizdən əvvəl Dubayda hazırlıq keçir və oyun da keçirib. Bu, Rusiyanın I divizion təmsilçisi “Ural”a 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşdür. Vaxtilə yığmamıza qarşı oynamış Qasımov indi baş məşqçi kimi bizə rəqib olacaq.

Onun almaniyalı həmkarı isə Dubaya bu dəfə əsasən yeni futbolçular gətirib. Hər halda, bir sıra təcrübəli futbolçuları çağırmayan Foqts debütanları iş başında görməyi lazım bilib. Onları 2 yoxlama matçında sınayacaq çalışdırıcı martdakı rəsmi oyunlar öncəsi heyəti özü üçün müəyyənləşdirəcək. Digər məqam odur ki, futbolçuların çoxu klubların Antalyadakı təlim-məşq toplanışından gəlib və Foqts onların fasilə müddətində hazırlığına baxıb qiymət verəcək.

Maraqlıdır ki, Foqtsun vaxtında məhz fevralın 1-də Dubayda özbəklərlə oynamışıq. Matç 1:1 hesabı ilə nəticələnib.

1 fevral

18:00. Azərbaycan - Özbəkistan
Baş hakim: Əmmar Əl Cunabi (Birləşmiş Ərəb Əmirlikləri)
Hakim-köməkçiləri: Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif, Abdulla Əl Ajel (hamısı Birləşmiş Ərəb Əmirlikləri)