100-ə Foqtsla
31.01.2013 - 14:55
100-ə Foqtsla
Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Dubayın “The Sevens” stadionunda Özbəkistan yığması ilə keçiriləcək yoxlama oyunu millimizin tarixində 192-ci qarşılaşma olacaq.

1992-ci ildən bu yana 21 illik tarixində 191 oyuna çıxan komandamız bu görüşlərdə 34 qələbə qazanıbsa, 48 heç-heçə edib və 109 dəfə meydanı məğlub tərk edib. Yığmamız neytral meydandakı matçında yubiley - 35-ci qələbəsini qazana bilər.

Bunun üçün millimiz 4 oyunluq qələbəsizlik seriyasını qırmalıdır. Belə ki, DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edən son 4 matçda yığmamız İsraillə heç-heçə edib (1:1), ardınca Portuqaliya, Rusiyaya müvafiq olaraq (müvafiq olaraq 0:3 və 0:1) Şimali İrlandiyadan xal alıb – 1:1. Sonuncu dəfə avqustun 15-də Bəhreyni 3:0 hesabı ilə məğlub edən komandamız 169 gündən sonra qəlbə qazana bilər.

İndiyədək isə 134 dəfə fərqlənən milli öz qapısında 338 qol görüb.

Bu matç yığmamızın 100-cü yoldaşlıq oyunu olacaq. Seçmə xarakteri daşımayan yoldaşlıq turnirləri və beynəlxalq yoxlama matçlarında 99 dəfə meydana çıxan komandamız yubileyə qədər 26 dəfə qalib gəlib. Bu oyunlarda 33 heç-heçə edən komandamız 40 dəfə uduzub. Komandamız 99 qarşılaşmada vurduğu 91 qolun qarşılığında 129 dəfə topu qapısından çıxarıb.

Dubaydakı görüş Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 53-cü oyunu olacaq. 2008-ci ilin martında baş məşqçi təyin olunan almaniyalı millimizlə indiyədək 11 qələbəyə sevinib, 14 heç-heçə görüb və 27 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 42 qolun sevincini yaşayıbsa, 80 dəfə qapıçımız topu tordan çıxarıb.

Foqtsun yetirmələri 29-cu yoxlama oyununa çıxacaq. Əvvəlki 28 qarşılaşmada 8 qələbəsi olan yığmamız 9 dəfə heç-heçə edib və 11 matçda məğlub olub. Bu oyunlarda top fərqi 26:34-dür.