“Xəzər Lənkəran”ın 5-ci transferi - Doblas!
31.01.2013 - 16:15
 “Xəzər Lənkəran”ın 5-ci transferi - Doblas!
“Xəzər Lənkəran” qış fasiləsində növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi ispaniyalı qapıçı Toni Doblasla rəsmi müqavilə bağlayıb.

Yeni komandasının Antalyadakı təlim-məşq toplanışına gələn 33 yaşlı qapıçı 1,5 illik anlaşmaya imza atmaqla, keçidini rəsmiləşdirib.

1,85 metr boya malik olan Toninin çıxış etdiyi son klub “Xeres” olub. O, bu kluba məxsus olduğu “Saraqosa”dan icarəyə verilmişdi.

Doblasın peşəkar futbolçu karyerası 1999-cu ildə hələ yeniyetmə yaşında oynadığı “Betis” klubundan başlayıb. O, bu komandanın əvəzedici heyətində 4 mövsüm keçirərək, daha sonra həmin klubun əsas heyətində oynamağa başlayıb. 2003-cü ildə Toni bir mövsümlük “Xeres” klubuna icarəyə verilib. 2008-ci ildə isə keçdiyi “Saraqosa”da 1 mövsüm oynayandan sonra Doblas “Hueska” klubuna transfer olunub. Lakin qapıçı mövsüm başa çatan kimi yenidən “Saraqosa”ya qayıdıb.

Doblas lənkəranlıların mövsümlərarası fasilədə 5-ci transferidir.
Belə ki, bunadək millimizin yarımmüdafiəçisi Uğur Pamuk, türkiyəli hücumçu Gökhan Güləç, ispaniyalı müdafiəçi Alvaro Silva və xorvatiyalı orta sahə oyunçusu Marin Orsuliçlə müqavilə imzalanmışdı.