Elxan Məmmədov: Bu dəfə klubların narazılığı ilə üzləşmədik - MÜSAHİBƏ
04.02.2013 - 18:31
Elxan Məmmədov: Bu dəfə klubların narazılığı ilə üzləşmədik - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Klub rəsmiləri əvvəllər millinin Dubay toplanışlarından narazılıq edirdilər. Bu dəfə belə hal yaşanmadı ki?
- Yox. Biz ötən il klubların baş məşqçilərini Dubaya dəvət etdik. Onlar burda millinin baş məşqçisi ilə görüşdülər. Ümumiyyətlə, yığmadakı ab-hava ilə tanış oldular, məşq sistemini gördülər. Gördülər ki, burdakı şərait yaxşıdır. Sevindirici haldır ki, bu dəfə hər hansı bir narazılıqla üzləşmədik.

- Yığmanın Özbəkistanla qolsuz bərabərliklə başa çatan oyununu necə dəyərləndirirsiniz?
- Bu adi, məşq xarakterli oyun idi. Yığmaya yeni oyunçular dəvət olunmuşdu. Onlardan bəziləri həmin matçda oynadı. Hesab edirəm ki, yaxşı təsir bağışladılar. Sözün düzü, nəticəyə baxmayaraq, futbolçular üçün bu oyunun yaxşı təcrübə olduğunu düşünürəm.

- Həmin qarşılaşmanın canlı yayımlanmadı. Problem nədən ibarət idi?
- Bildiyiniz kimi, FİFA-nın fevralda rəsmi oyun günü ayın 6-dadır. Biz Özbəkistan Futbol Federasiyası ilə danışaraq, qeyri-rəsmi oyun keçirdik. Bu səbəbdən oyunu canlı yayımlamaq düzgün olmazdı.

- Bəs Lixtenşteynlə matçın yayını nəzərdə tutulub?
- Matç affatv.az-la canlı yayımlanacaq. Öz telekanallarımız həmin matçın yayın hüququna malik olan yerli kanalla danışıq aparıb bu matçı göstərə bilər. Buna baxmayaraq, oyunun rəsmi gündə olduğunu nəzərə alıb matçı öz saytımızda canlı yayımlayacağıq.

- Noyabrda Estoniya ilə yoldaşlıq oyunu olacaq. Bu barədə nə deyə bilərsiz?
- Biz bu oyunla bağlı 1 aydır danışıqlar aparırdıq və artıq razılığa gəlmişik. Həmin matç noyabrın 15-də Tallində olacaq.

- Bəs fevralın 6-da Lixtenşteynlə matçın nəticəsi nə dərəcədə önəmli olacaq?
- Təbii ki, nəticə vacibdir. Çünki bu, FİFA-nın təqviminə düşən oyundur. Amma əsas odur ki, futbolçular yeni təcrübə qazansın və millidəki ab-havanı hiss etsinlər. Bildiyiniz kimi, milli komandalar ildə maksimum 5-6 oyun keçirir. Bu baxımdan hər bir matçın nəticəsi önəmlidir.

- Sizcə, Kamran Ağayev, Ruslan Abışov və digər təcrübəlilərin yoxluğu oyunda nəticəyə təsir edə bilərmi?
- Əsas odur ki, hazırda yığmada 3 qapıçı var. Bildiyiniz kimi, Şimali İrlandiya ilə matçda bir sıra futbolçular zədə və cəza üzündən yox idi. Ancaq buna baxmayaraq, yığma normal oynayaraq səfərdən xalla qayıtdı.