“Cəmi bir hissə yaxşı oynamaqla, heç nə əldə etmək olmaz” - MÜSAHİBƏ
05.02.2013 - 00:39
“Cəmi bir hissə yaxşı oynamaqla, heç nə əldə etmək olmaz” - MÜSAHİBƏ
17 yaşadək futbolçulardan ibarət Azərbaycanın yığmasının baş məşqçisi Nikolay Adamın apasport.az saytına müsahibəsi

- Əvvəlcə Antalya toplanışı çərçivəsində “Everensekispor”la keçirdiyiniz son oyun haqda fikirlərinizi bilmək istərdik...
- Oyundan razı qalmadım. İlk hissə davam edərkən məcburiyyətdən bir əvəzetməyə əl atdıq. Umar Akmurzayev zədələndiyi üçün meydandan çıxardıq. Komanda fasiləyə qədər yaxşı oynadı. Fasilə zamanı onlara ikinci hissədə daha yüksək konsentrasiya ilə mübarizə aparmağı tapşırdıq. İkinci hissəyə də həmin heyətlə başladıq. Heç bir dəyişikliyə əl atmadıq. Ancaq ikinci hissənin startından başlayaraq, 15 dəqiqə ərzində meydanda sanki yox idik. Bunun səbəbi rəqibin güclənməsi ilə bağlı deyildi. Əksinə, biz boşaldıq. İkinci hissənin ilk 15 dəqiqəsindən sonra isə bir neçə əvəzetmə etdik ki, bunun nəticəsində oyunun axarı dəyişdi. Məsuliyyəti üzərimə götürürəm. Cəmi bir hissə yaxşı oynamaqla, heç nə əldə etmək olmaz. Avropada bizi daha ağır oyunlar gözləyir.

- Fasiləyə 3:0 hesabı ilə üstün yollandınız. Bəlkə bu futbolçularda arxayınçılıq yaratmışdı? Ümumiyyətlə problemin psixoloji amillə bağlı olduğunu düşünmək olarmı?
- Bax, bu mənim üçün də problemdir. Görünür, uşaqlarla daha çox işləmək lazımdır. Belə deyək, Avropa səhnəsində bu cür ikinci hissə oynamaq olmaz.

- Antalya toplanışı zamanı komanda 3 yoxlama oyununda gücünü sınadı. Təbii ki, hər matçda narazı qaldığınız məqamlar da yox deyildi. İradlarınız oyundan oyuna həllini tapırdımı?
- Ümumi götürdükdə, komandada görüləsi işlər çoxdur. Antalyada olduğumuz müddətdə futbolçulardan götürülən testlərin nəticəsinə də diqqət yetirsək, problemlər kifayət qədərdir. Bir sözlə, işimiz çoxdur. Boşluqları aradan qaldırmalıyıq. Bu tək testlərin nəticəsi ilə bağlı deyil.

- Təlim-məşq toplanışını qənaətbəxş hesab etmək olarmı?
- 100 faiz yox.

- Niyə?
- Testlərin nəticələrini mart ayında biləcəyik. Çünki həmin vaxt Yunanıstanda turnir təşkil ediləcək və bizim də orada iştirakımız nəzərdə tutulub. Meydan sahiblərindən başqa, Malta və İsrail də həmin yarışa qatılacaq. Antalyada olduğumuz müddətdə görülən işlərin hamısının üzərindən xətt çəkmək istəmirəm. Uşaqlar 3 oyunda 9 qol vurublar. Bundan başqa, iki oyunda qələbə qazanıb, birində isə heç-heçə etmişik. Özü də yetkinlərə qarşı oynamışıq. Eyni zamanda, sentyabrda bizi nələrin gözlədiyini də bilirəm. Buna görə də çox şeylərdə artırmalıyıq.

- Bu yaşlı uşaqlarda adətən psixoloji problemlərlə tez-tez rastlaşılır. Bunu aradan qaldırmaq üçün komandaya psixoloq dəvət etməyə ehtiyac varmı?
- Haqlısınız, bu yaşlı uşaqlarda hansısa psixoloji problemin olması normal haldır. Bu da faktdır ki, psixoloji oynaqlığı hansı oyunçular tez aradan qaldıra bilirsə, onlar da karyerasını davam etdirir. Rusiya, İslandiya və Slovakiyanın yeniyetmələri də eyni vəziyyətdədir. Baxacağıq, görək hansı komandadakı yeniyetmələr daha tez bu vəziyyətdən çıxacaqlar. Ancaq komandaya əlavə psixoloq dəvət etməyi düşünmürəm.

- Yeri gəlmişkən, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yer aldığı qrupu necə dəyərləndirirsiniz?
- Bizim üçün asan qrup yoxdur. Bundan da çətin qrupa düşə bilərdik.