Lixtenşteyn yığması millimizlə Foqtsa tarixi nəticələr qazandırıb
05.02.2013 - 11:58
Lixtenşteyn yığması millimizlə Foqtsa tarixi nəticələr qazandırıb
Sabah Azərbaycan və Lixtenşteyn milli komandaları tarixlərində 5-ci dəfə üzləşəcək. Apasport.az saytının məlumatına görə, yığmalar ilk dəfə yoldaşlıq görüşündə rəqib olacaq. Bu, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

Yəni yığmalar bunadək seçmə mərhələ oyunlarında üzləşdiklərindən, matçları Bakıda və Vadutsda keçirilirdi. İndi isə onlar Asiyada qeyri-rəsmi oyunda münasibətlərini ayırd edəcək.

Oyunların balansına nəzər salsaq, millimizin üstünlüyü diqqət çəkir. Belə ki, 4 oyundan 2-si bizim, 1-i rəqibin qələbəsi ilə nəticələnib, daha 1 matç isə heç-heçə bitib. Topların fərqində aşkar üstünlüyümüz var – 7:2.

Rəqiblər bir-birinin tarixinə düşüb. Belə ki, Lixtenşteyn tarixində ilk rəsmi qələbəni məhz bizim üzərində qazanıb. Onda milliyə yenicə baş məşqçi təyin olunan ölkənin gənclər yığmasının çalışdırıcı Ralf Loze Vaqif Sadıqovun komandasını məyus etmişdi.

Düzdür, millimiz bundan 8 ay sonra həmin məğlubiyyətin əvəzini artıqlamağı ilə çıxa bildi. Onda baş məşqçimiz təcrübəli Əhməd Ələsgərov idi və Tofiq Bəhramov adına Respublika stadionunda 4:0 hesablı qələbə millimizin 21 illik tarixində hələ ki ən böyük hesablı qələbəsidir. Səfərdə olduğu kimi evdə də fərqlənən, bu dəfə dubl edən keçmiş hücumçu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov lixtenşteynlilərə ən çox qol vuran futbolçumuzdur.

“Cırtdan ölkə”nin təmsilçisi sonrakı 2 oyun isə artıq Berti Foqtsun baş məşqçiliyi dövrünə düşür. Özü də almaniyalı mütəxəssis üçün də Lixtenşteyn yığması ilə oyunlardakı nəticələr yaddaqalan olub. Belə ki, Lixtenşteynlə Bakıdakı heç-heçə nə qədər uğursuz nəticə sayılsa da, Foqtsun 5-ci ildir “sükanı arxası”nda olduğu millimizdə ilk xalı olub. O, rəsmi oyunda ilk qələbəsini də məhz növbəti rəqibi üzərində qazanıb. Onda 2-ci hissədə hücumçu Vaqif Cavadovla yarımmüdafiəçi Elvin Məmmədov vurduqları qollarla qələbəni təmin etmişdi. Yeri gəlmişkən, hər 2 futbolçu indi də Foqtsun sərəncamındadır.


2000-ci il Avropa çempionatının seçmə mərhələsi
14 oktyabr 1998-ci il
Vaduts. Lixtenşteyn – Azərbaycan – 2:1
Qollar: Mario Frik-pen, Martin Telzer – Qurban Qurbanov

5 iyun 1999-cu il
Bakı. Azərbaycan – Lixtenşteyn – 4:0
Qollar: Qurban Qurbanov (2), Zaur Tağızadə, Mirbağır İsayev

2010-cu il dünya çempionatının seçmə mərhələsi
10 sentyabr 2008-ci il
Bakı. Azərbaycan – Lixtenşteyn – 0:0

10 oktyabr 2009-cu il
Vaduts. Lixtenşteyn – Azərbaycan – 0:2
Vaqif Cavadov, Elvin Məmmədov