“Kamran millidə yeri uğrunda mübarizə aparmalı olacaq” – MÜSAHİBƏ
05.02.2013 - 13:31
“Kamran millidə yeri uğrunda mübarizə aparmalı olacaq” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının qapıçılarıa işləyən məşqçisi Uli Ştayn Dubaya azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına məlumatına görə, almaniyalı mütəxəssis hazırda sərəncamında olan qapıçılar və millidən kənarda qalan Kamran Ağayev haqda fikirlərini bildirib.

- Millidəki qapıçıların hazırlığına necə qiymət verərdiniz?
- Mən Azərbaycan yığmasında 5-ci ildir qapıçılarla işləyirəm. Hamısından razı qalmışam. Hamısı da məşqə böyük həvəslə çıxırlar. İşlərini 100 yox, 110 faiz görürlər. Bugünkü məşqdə də bunun şahidi olduq. Hər 3 qapıçını tanıyıram. Emil Balayevi təlim-məşq toplanışında görmüşəm. Deyərdim ki, 18 yaşında böyük istedadı olan qapıçıdır. Şansı var, inkişafını belə düzgün davam etsə, Azərbaycan milli komandasının 1 nömrəli qapıçısı olacaq.

- Əsas qapıçı Kamran Ağayevin yoxluğunda hansı qapıçının meydana çıxmaq şansını çox sayırsınız?
- Biz Lixtenşteynlə oyunda Özbəkistanla matçda olduğu kimi edəcək. Matça Səlahət Ağayev başlayacaq, ikinci hissədə qapıda Anar Nəzirov duracaq.

- Kamran uzun müddət məşq etməyib. Onun formaya qayıtmağı üçün nə qədər vaxt lazımdır?
- Normalda belə deyirlər ki, futbolçu nə qədər məşq etməyibsə, ona formasını yığmaq üçün bir o qədər vaxt lazımdır. Kamran “Bakı” ilə təlim-məşq toplanışa getməmişdən əvvəl fərdi çalışıb. Mən onda Ağayevi görmüşəm, formada idi. Ümid edirəm ki, “Bakı” ilə müqaviləyə qol çəkəcək və Kamranı tanıdığım kimi görəcəyəm. Onda çəki problemi var. Çox məşq etməyəndə, çəkisi artır. İnanıram ki, “Bakı” ilə Antalyada yaxşı hazırlıq keçib. Bu, faktdır ki, Kamran hazırda Azərbaycanın ən yaxşı qapıçısıdır. Sözsüz ki, millidə öz klubunda oyun təcrübəsi yığan qapıçı oynaya bilər. Klubsuz futbolçu millidə oynaya bilməz.

- Ağayev “Bakı”da yaxşı hazırlıq keçsə, 1-2 ay formasını yığa bilərmi?
- Mən buna ümid edirəm ki, Kamran 4-6 həftəyə sıraya qayıdacaq və onu tanıdığım kimi görəcəyəm. Hamı bilir ki, Ağayev milliyə lazımdır. Ancaq o olmasa, 3 yaxşı qapıçımızın olduğunu görürsünüz. Birdən nəsə olsa, Kamran tez bir zamanda qayıda bilməsə, gənc qapıçılar çıxıb, millidə oynamağa hazırdırlar. Ancaq Ağayev yığma üçün vacib futbolçu olduğundan, tezliklə milliyə qayıdışını gözləyirik. Şimali İrlandiya yığması ilə rəsmi oyunu yada salsaq, orda Səlahət qapıda pis dayanmadı, səhv buraxmadı. Hərçənd qolda tam günahsız deyildi. Ancaq 96 dəqiqəni nəzərə alsaq, pis oynamadı. Onu deməliyəm ki, Kamran milliyə qayıdanda, əsas heyətdəki yeri uğrunda mübarizə aparmalı olacaq.