Rasim Ramaldanov: Onu Allah bilir - MÜSAHİBƏ
05.02.2013 - 14:33
Rasim Ramaldanov: Onu Allah bilir - MÜSAHİBƏ
“Simurq”un və Azərbaycan millisinin futbolçusu Rasim Ramaldanov Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, müdafiəçi milli ilə yanaşı, kapitanı olduğu Zaqatala klubunun çıxışını dəyərləndirib.

- Milli komandada ab-hava necədir?
- Şükür Allaha, hər şey yaxşıdır. Mən ilk dəfə gələndə də futbolçular məni yaxşı qəbul etdilər. Buna görə onlara sağ ol deyirəm. Hamısı ilə dostlaşmışam, hər şey yaxşıdır. Artıq milliyə “Simurq”dakı komanda yoldaşım İlkin Qırtımov da qoşulub. İnşallah, onu da növbəti oyunlara çağırarlar. Biz də milliyə layiqli olduğumuzu göstərəcəyik.

- Lixtenşteynlə yoldaşlıq görüşündə nəticə nə qədər vacibdir?
- Yoldaşlıq görüşündə nəticə həmişə vacibdir. Hamı qələbə qazanmaq istəyir. İnşallah, maksimum gücümüzü qoyub, buna nail olmaq lazımdır ki, Lüksemburqla səfər oyununa yaxşı əhval-ruhiyyədə gedək. Yəqin ki, qalib gələrik.

- Baş məşqçi Berti Foqts belə oyunlarda eksperimentləri sevir. Sizi də bir oyunda dayaq yarımmüdafiəçisi kimi oynatdı. Sizin üçün hansı mövqedə oynamaq daha asandır?
- Mənə mərkəz müdafiəçisi kimi lap rahatdır. Düzdür, keçən dəfə yenilik olmuşdu, birinci dəfədir orda oynayırdım. Bildiyimə görə, Foqtsun tapşırıqlarını tam yerinə yetirdim. Baş məşqçi hansı mövqedə oynadırsa, orda yaxşı olmaq üçün əlimdən gələni edirəm.

- Lixtenşteynlə oyunda heç-heçəyə razılaşırsınız?
Yox. Məncə, bizə yalnız qələbə lazımdır. Hamı, baş məşqçi də deyir ki, yalnız qalib gəlməliyik.

- Foqtsun məşqləri yüksək səviyyədə keçdiyindən, bu, “Simurq”a hazırlığınıza da müsbət təsirini göstərəcək...
İnşallah. Klubumda “altılığ”a düşmək üçün 4 oyunumuz qalıb. Orda da canla-başla oynayırıq. Düzdür, hamı deyir ki, “Simurq” “altılıq”dadır. Ancaq bu, 100 faiz bilinmir. Son 4 oyundan da maksimum yararlanaraq, qələbə qazanıb “altılığ”a düşməliyik.

- Sizcə, “altılıq”dan kim kənarda qalacaq?
- Mən onu deyə bilmərəm. Bunu Allah bilər.