Mahmud Qurbanov: Düşərgəmizdə 2 türkmənistanlı legioner var
05.02.2013 - 16:03
Mahmud Qurbanov: Düşərgəmizdə 2 türkmənistanlı legioner var
“Artıq yoxlama oyunu keçirməyəcəyik. Bütün diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik”. Bunu apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

“Kəpəz” “Sumqayıt”la yoxlama oyunu keçirdikdən sonra gündə 2 dəfə olmaqla “Dalğa Arena”da şənbə günü baş tutacaq oyuna hazırlaşır. Komanda bu müddətdə heyətini də gücləndirməyə çalışır.

Mahmud Qurbanovun sözlərinə görə, “Bakı”da baxışda olub bəyənilməyən makedoniyalı Buyamin Asani və rusiyalı Nikolay Svejentsev də “Kəpəz”də çıxışlarını davam etdirəcək: “Asani ilə Svejentsevi transferə çıxartmışdıq. Ancaq həmin futbolçular özlərinə klub tapa bilmədiklərindən, bizə geri qayıtdı. Yalnız saxlamaq istədiyimiz legionerlərdən Arman Fetşin komandanı tərk edib Yunanıstan klubu ilə anlaşdı. Bununla belə, heyətimizi Samir Hüseynli, Elgiz Kərəmli, Zaur Əsədov, Ülfət Məmmədov, Ramil Kərimov və Məhərrəm Müslümzadə ilə gücləndirmişik. Cəmşid Məhərrəmov da bizdə oynayacaq. Ancaq Vüsal Hüseynovu komandaya götürmədik”.

Gənc çalışdırıcı heyətə yeni legionerlərin də götürüldüyünü bildirdi: “Baxışda olanlardan Vladislav Serebryakov və Moskva “Lokomotiv”inin yetirməsi olan Alan Soltanovu heyətimizə cəlb etmişik. Bir legioneri isə geri göndərdik. Hazırda düşərgəmizdə Türkmənistandan 2 legioner də var. Onlardan biri müdafiəçi, digəri yarımmüdafiəçidir. Məşqlərdə özlərini yaxşı tərəfdən göstərsələr, onları da komandaya götürəcəyik”.

Səbuhi TOFİQOĞLU
0