Əfqan Talıbov: Daha bir yeni legionerin yolunu gözləyirik
06.02.2013 - 11:42
Əfqan Talıbov: Daha bir yeni legionerin yolunu gözləyirik
“Qış fasiləsində heyətimizin komplektləşdirilməyi işini yekunlaşdırmaq üzrəyik. 4 yeni legionerlə 1,5 illik müqavilə imzaladıq. “Bakı”dan icarəyə götürdüyümüz 4 gənc oyunçu ilə isə “6 ay + 1 il” şərti ilə anlaşmışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib. Tovuzlular qış fasiləsində çoxlu futbolçu ilə yollarını ayırdığından, heyətdəki boşluqları doldurmalı idilər.

Talıbov buna onların əvəzinə gətirdikləri futbolçularla nail olacaqlarına inanır: “Düzdür, onların gedənləri 100 faiz əvəzləyəcəklərini deyə bilmərik. Çünki komandadan ayrılanlar təcrübəlilər idi. Ancaq biz gələcəyin komandasını qurduğumuzdan, gənc futbolçulara üstünlük verdik. “Bakı”dan gələnlər arasında Elşad Manafovu əsas heyətdə görürük. Anatoli Stukalovla Yaroslav Suxanovu transfer etməklə, müdafiənin cinahlarında yetərincə futbolçumuz oldu. Dmitri Pospelov isə müdafiənin mərkəzindəki problemimizi aradan qaldırmalıdır”.

“Turan”ın çalışdırıcısı yeni futbolçularla bağlı işi bitmiş saymayaraq, bu həftəsonu “transfer pəncərəsi”nin bağlanmağına qədər çalışacaqlarını söyləyib: “Gürcü futbolçularımızdan Qoqa Pipiya getdisə, İrakli Beraya qalıb. Ancaq bizə ön xəttə oyunçu lazımdır. Fevralın 9-a qədər daha 1 transfer nəzərdə tutmuşuq. Rumıniyalı oyun qurucusunun yolunu gözləyirik. O, sərbəstdir və bütün göstəricilərinə görə hazır futbolçudur. Demişik ki, 9-da “Rəvan”la matçda oynamasa belə, gəlib transferini çatdıraq. Bundan sonra 13-də və 17-də ardıcıl oyunlarımız var və onda bizə kömək edə bilər”.

Hücuma gürcü David Canalidzeni alan Talıbov daha birini isə növbəti mövsüm perspektivi ilə götürmək istəyir: “Çünki mövsümün əvvəlində gələn hücumçularımızın, Salif Ballonun müqaviləsi mayda bitir. Bu zaman oturub şərtlərimizi deyəcəyik və artıq sərbəst olan futbolçular başqa kluba gedə bilərlər. Ona görə indi gələn hücumçu komandaya uyğunlaşıb, növbəti mövsüm artıq əsas heyətdə yerini möhkəmlədə bilər”.

Mehman SÜLEYMANOV