“Turan”a qayıdandan sonra münasibətlərimiz normal olmazdı”
06.02.2013 - 12:51
“Turan”a qayıdandan sonra münasibətlərimiz normal olmazdı”
“Gələcək taleyimlə bağlı məsələ hələ açıq qalır. “Turan”la problemə görə ora qayıtmaq istəmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın futbolçusu Fərid Quliyev deyib. Vaxtilə milli komandamızın şərəfini qoruyan hücumçu qış fasiləsində daha iddialı kluba keçmək fikrinə düşsə də, istəyinə çata bilmir. Belə ki, “Turan” müqavilə ilə ona məxsus Fəridi buraxmadığından, futbolçu sərbəst şəkildə başqa kluba keçə bilmir.

O, belə vəziyyətdə kənarda qalmağı Tovuz klubuna qayıtmaqdan üstün tutur: “İlk vaxtlar mənə görə çox pul istədilər. Sonra isə komandalar Türkiyəyə təlim-məşq toplanışına getdiyindən, danışıqlar qaldı. Biri var nəyəsə görə kənarda qalasan, biri də var belə...Mən “Turan”da 6 ay oynayıb, ona faydalı olmağa çalışdım. Düşündüm ki, qış fasiləsində yollarımızı normal ayırarıq. Ancaq belə problem yaratdılar. Bundan sonra “Turan”a dönməməyi qərara aldım. Düşünmürəm ki, qayıdandan sonra klubla mənim münasibətlərim normal olardı. Qərarıma görə peşman deyiləm. Hər halda, bu, olmalı idi”.

Topaz Premyer Liqasında “transfer pəncərəsi” fevralın 9-da bağlanacağından, Quliyev bu müddətə kimi özünə klub tapmasa, ya “Turan”da oynamalı, ya da cari mövsümün sonuna kimi futbolsuz qalmalı olacaq. 27 yaşlı hücumçu ümidini itirmir: “Allah kərimdir, hələ vaxta var. Klublar artıq təlim-məşq toplanışlarından qayıdıb və qalan müddətdə bir komandaya keçməyə çalışacağam. Düzdür, onların heyətlərini komplektləşdirdiklərindən, keçidin çətin olduğunu bilirəm. Ancaq ümidsiz deyiləm. Bakıda qalıb hazırlıq keçən klublarımızla danışıqlar maddi məsələlərə görə alınmazdı. Əlbəttə, mövsümün sonuna kimi oynamasam, çətin olacaq. Mən oynamaq istəyirəm, ancaq belə vəziyyət yaranıb”.

Mehman SÜLEYMANOV