Portuqaliya çempionu: Ya “Neftçi”, ya “Quoan”
06.02.2013 - 12:58
Portuqaliya çempionu: Ya “Neftçi”, ya “Quoan”
Azərbaycan çempionu “Neftçi” hücum xəttini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, ötən mövsümün bombardiri Bahodir Nasimov və cari çempionatın ən məhsuldar oyunçusu Nikolas Kanalesin yer aldığı hücum xəttinə daha 1 ulduz dəvət olunub.

Bakılılar Rumıniya çempionatının 2-ci bombardiri Marius Nikulaeni heyətinə qatmaq istəyir. Cari mövsüm 11 qol vuran “Vaslui”nin 32 yaşlı hücumçusu bombardirlər siyahısında yalnız “Styaua”lı Raul Ruseskudan geri qalır. Lakin Nikulae artıq klubdan gedəcəyinə qərar verib. Bunu “Vaslui” rəhbərliyi də təsdiqləyib.

Lakin Mariusun yeganə müştərisi “Neftçi” deyil. Hücumçu Azərbaycan çempionu ilə Çinin “Quoan” klubu arasında seçim etməlidir. Götür-qoy etməkdə olan futbolçuya asiyalıların ildə 700 min avro təklif etdiyi də məlumdur.

Qeyd edək ki, Rumıniya millisində 43 oyuna 15 qol vuran hücumçu “Dinamo” (Rumıniya), “Sportinq” (Portuqaliya), “Standard” (Belçika), “Mayns” (Almaniya), “İnverness” (Şotlandiya) klublarında çıxış edib. Marius “Dinamo”da ölkə çempionu, çempionatın bombardiri olan 1 dəfə Superkubok, 3 dəfə Rumıniya kubokunu qazanıb. “Sportinq”də Portuqaliya çempionu və Superkubokunun qalibi olan futbolçu UEFA kubokunun finalçısı olub.