“Simurq” xorvatiyalı və bosniyalı futbolçularla müqavilə bağlayacaq
06.02.2013 - 13:59
 “Simurq” xorvatiyalı və bosniyalı futbolçularla müqavilə bağlayacaq
Bəxtiyar Soltanovu “Qarabağ”dan icarəyə götürən “Simurq” transfer bazarındakı passivliyini yaxın günlərdə aradan qaldıra bilər. Apasport.az saytının klubun mətbuat xidmətindən aldığı məlumata görə, Zaqatala təmsilçisinin düşərgəsinə 2 futbolçu təşrif buyurmalıdır.

Bunlar “Simurq”un Antalyadakı düşərgəsində iştirak etmiş xorvatiyalı Tomislav Buşiçlə bosniyalı Nenad Kisodur. Hər iki futbolçunun oyunu baş məşqçi Georgi Çixradze tərəfindən bəyənildiyindən, klub rəhbərliyi Buşiç və Kiso ilə müqavilə bağlamaq niyyətindədir. Ancaq ilk növbədə hər iki oyunçu ilə müqavilə məsələlərində razılıq əldə olunmalıdır.

Qeyd edək ki, 4 gün öncə 27 yaşını tamamlayan Buşiç “Vinyani”, “Mladost” və “Hayduk”un yetirməsi sayılır. Bir müddət Kiyev “Dinamo”sunda icarə əsasında çıxış etsə də, əsas heyətə düşə bilməyən hücumçu Petah-Tikva “Makkabi”si və “Slaven Belupo”nun da şərəfini qoruyub. O, Xorvatiyanın bütün aşağı yaş qruplarından ibarət yığmalarda çıxış edib.

23 yaşlı Kiso isə dayaq yarımmüdafiəçisidir. Sloveniyada doğulan, ancaq karyerasına Serbiyada başlayan bosniyalı futbolçu “Partizan” və “Çukariçki” klublarının yetirməsidir. Ölkəsində yalnız “Olimpik”in şərəfini qoruyan Nenad Buşiç kimi İsraildə çıxış edib. Bu ölkədə Beer-Şeva “Hapoel”ində çıxış edən Kisonun son klubu “Debretsen” olub. Ancaq Macarıstanda əsas heyətə düşə bilməyən futbolçu bəxtini ölkəmizdə arayacaq.