“Neftçi” bəzən də ağladır...
06.02.2013 - 15:00
“Neftçi” bəzən də ağladır...
Ən son “Xəzər Lənkəran”ın da Antalyadan qayıtması ilə Türkiyədə hazırlıq keçən elita klubumuz qalmadı. İndi növbə aşağı dəstənin “qoluzorluları” olan “Qaradağ Lökbatan”, “Neftçala” və “Ağsu”nundur. Bu komandalar orda hazırlıq keçəcək və ara-sıra güclərini yoxlama oyunlarında sınayacaqlar.

Elita təmsilçiləri isə bütün diqqətlərini çempionata yönəldir. Mən isə diqqətləri yenidən Antalyaya yönəltmək istərdim. Yaxınlarda həmkarım Elşən Məmmədovun yazısını və “Sport Ekspress” qəzetində işıq üzü görən eyni tipli məqaləni oxuyanda yazarlara haqq qazandırmaya bilmədim. Antalyada qəbul edilən 4 bəndli qərarda haqlı tənqidlər vardı...

Bəli, “Neftçi” güldürməyi bacarır. Ancaq qoy həmişə “ağ-qaralar” Avroliqanın qrupuna düşdüyü kimi bizim üzümüzü güldürsün, daha ağlatmasın. Təəssüf ki, “Neftçi” bəzən ağlatmağı da bacarır...

“Qarabağ”ın hər dəfə Avroliqanın pley-offuna kimi irəliləyib ictimaiyyəti “kimdir əsl xalq komandası” dilemması qarşısında qoymasının əsl cavabı mövsümün əvvəlində verildi. Bakı klubu qrup mərhələsinə düşməklə ilkə imza ataraq bu sentimental baxışlara birdəfəlik son qoydu: Mənəm FLAQMAN, mənəm XALQ KOMANDASI!

Ancaq gəlin görək, bu klubda son vaxtlar flaqman adına yaraşan açıqlamalar, flaqman adına yaraşan işlər görülürmü? Mən klubun çıxardığı 4 qərarı yenidən müzakirə etmək istəmirəm. Klub rəsmisinin açıqlamasına keçirəm. Böyükağa Hacıyevi verdiyi iddialı, bəzən reallıqla uzlaşmayan qeyri-adi açıqlamalara görə qınamaq fikrindən də uzağam. Çünki bu adam insafən biz jurnalistlərə əla müzakirə mövzusu yaradır.

Klubun vitse-prezidenti Tahir Süleymanovun “inanmıram ki, hansısa klubumuz “Neftçi”nin bu uğurunu yaxın 10 ildə təkrarlasın” kimi özündən başqasını bəyənməyən açıqlamasına toxunmaq istəyirəm. Avroliqaya qədər sualımıza cavab tapınca 100 dəfə “Neftçi”nin aşağı yaş qruplarına böyük dəstək verdiyini təkrarlayan, Arazların, Elvinlərin, Cavidlərin Avropaya gedəcəyini bildirən bu şəxs indi Böyükağa Hacıyev suyundan sıçramanın əziyyətini çəkir.

İndi artıq kəlmələri “rastomojkasız” dilə gətirən Süleymanovun Antalya toplanışı öncəsi dediyi sözlər hələ də yaddan çıxmayıb: “Biz adımıza uyğun olaraq Türkiyədə çox güclü komandalarla qarşılaşacağıq. Artıq “Poloniya” və “Hayduk” qarşılaşmaq üçün bizə müraciət edib”.

Toplanışın sonunda isə aydın olur ki, Polşa və Xorvatiya klubları ilə görüşlər heç planda yoxmuş. Hər halda bu klublarla niyə oyunlar baş tutmadı – bax, buna aydınlıq gətirilmədi. Rəqiblərə bax: Rusiyanın I dəstəsində heç “6-lıq”da yer almayan “Rotor”, həmişə özümüzü üstün tutduğumuz Qazaxıstanın “Aktobe” klubu, çoxlarının ilk dəfə adını eşitdiyi Makedoniyanın “Turnovo” klubu, Rumıniyanın ötən il yaradılıb mövsümün əvvəlindən aşağı dəstədə çıxış etməyə başladığı “Timişoara” (bu, maliyyə problemlərinə görə dağılmış məşhur “Politehnika Timişoara” deyil) və Çində 13-cü sırada gedən “Hançjou Qrintaun”. Yeganə “Neftçi”nin adına yaraşan klub kimi “Amkar”ın yaxşı rəqib olduğunu çəkə bilərik ki, o da 4 top vurmaqla flaqmanımızda “şinnik” qoymadı.

Ən ağlamalısı isə budur ki, az qala peşəkarlıqda digər klublara təcrübə keçməkdən dəm vuracaq klub rəsmiləri sonuncu rəqibin adını “Quandun” kimi bilir. Apasport.az saytı bu klubun aşağı dəstədə çıxış etdiyini yazdıqdan sonra rəqib adı dəyişib olur elita təmsilçisi “Hançjou”. Kim bilir bəlkə də, 4:4-lük bərabərlik “Hançjou” ilə yox, elə adını çəkdiyimiz aşağı dəstə klubu ilə oyunda əldə edilib. Hər halda qıyıqgözləri kim yoxlayır ki? Hamısı bir-birinə oxşayır. Klub saytında yaz ki, Superliqa klubudur vəssalam. Hamıda copy-paste edib bunu qoyacaq saytına.

Yaxşı yadımdadır ki, bir dəfə Süleymanov qəzetdə işlədiyim vaxt digər klublarda görülən işləri ona təriflədikdə qısqanclıq hisslərini cilovlaya bilməyib onlarda olan müəyyən qüsurları diqqətimə çatdırmışdı. Sözlərinizdən belə aydın olmuşdu ki, “Neftçi” bütün klublarımızdan pakdır. İndi isə bəyənmədiyiniz “İnter”in “Poloniya”, “Simurq”un Sofiya MOİK-i, “Qəbələ”nin “Styaua”, “Volın” kimi komandalarla başabaş oynamasını Tahir bəyin nəzərinə çatdırmaq istəyirəm.

Ancaq siz kimlə oynamısız və ya rəqiblər arasında göz muncuğu olan “Amkar” sizi nə hala salıb? Bax, bunu unutmaq lazım deyil. Əgər FLAQMAN adını fəxrlə çəkiriksə, açıqlamalarda da diqqətli olmalıyıq. Və ya deyilən söz əməllə uzlaşmalıdır...

Səbuhi TOFİQOĞLU