Lixtenşteyn yığması üçün arzuolunmaz futbolçumuz
07.02.2013 - 11:30
Lixtenşteyn yığması üçün arzuolunmaz futbolçumuz
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov 2-ci dəfə Lixtenşteyn yığmasına qol vurub. Apasport.az saytının məlumatına görə, Dubayda 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə ikinci hissədə meydana çıxdıqdan az sonra – 75-ci dəqiqədə penaltidən qələbə topunun müəllifi olan “Qarabağ”ın 24 yaşlı hücumçusu ilk dəfə rəqibi 4 il öncə məyus etmişdi.

Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Vadutsda “Reynpark” stadionunda keçirilən rəsmi oyun idi. Maraqlıdır ki, 2009-cu ilin oktyabrın 10-da keçirilən həmin matçda da Vaqif hesabı açmışdı. Ancaq fərq ondadır ki, onda start heyətində meydana çıxan hücumçu 55-ci dəqiqədə fərqlənmiş, bundan 27 dəqiqə sonra yarımmüdafiəçi Elvin Məmmədov oyunda son nöqtəni qoymuşdu – 2:0. 4 il öncəki oyunda 73-cü dəqiqədə sarı vərəqə alan Cavadov bu dəfə belə aqibətlə üzləşməmiş, əvəzində qol vurmayan Elvin analoji cəzanı almışdı.

Milimizin Lixtenşteynə ən çox qol vuran futbolçu isə sabiq kapitanı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi olan keçmiş hücumçu buna 3 dəfə nail olub. Vaqif bunu 2 dəfə etməklə, hər 2 planda onun ən yaxın izləyicisidir. Belə ki, Qurbanov 14 qolla millimizin tarixinin bombardiridirsə, Cavadov 8 qolla ondan sonrakı pillədə yer alıb.