“Onların bədən quruluşunun böyük olması…” - MÜSAHİBƏ
07.02.2013 - 13:52
“Onların bədən quruluşunun böyük olması…” - MÜSAHİBƏ
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Antalyada keçirilən təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?
- Toplanış səmərəli oldu. Hansı fikirlə yollanmışdıq, onları da həyata keçirdik. Bu son seleksiya xarakterli toplanış idi. Demək olar, heyət 70-80 faiz formalaşıb. Hazırlıq çərçivəsində futbolçulardan test normativlər götürüldü. Uşaqların fiziki durumunu yoxladıq. Toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırsaq da, 4 matç keçirdik. Seçdiyimiz rəqiblər də güclü komandalar idi və yaş baxımından bizdən böyüklər idi. Belə oyunlarda uşaqların xarakterini, oyun keyfiyyətini yoxladıq. İstədiyimi aldım. Hansı mövqelərdə problemlərin olduğunu müəyyənləşdirdik. Oyunlar zamanı yeni taktiki sxemdən istifadə etdik. Effektli olduğunu qeyd edə bilərəm. Yoxlama oyunlarında bütün futbolçulara şans verdik.

- Hansı mövqeləri gücləndirməyə ehtiyac var?
- Qapıçı problemi var. Bu deyəsən, tək bizdə yox, digər komandalarda da hiss olunur. Eyni zamanda dayaq yarımmüdafiəçisi mövqeyinə oyunçu axtarırıq. Ümumi götürdükdə, rəqabəti artırmaq üçün bütün mövqeləri gücləndirməyə ehtiyac var. Çünki oyunlar zamanı əvəzetmələr etdikdən sonra bunu hiss etmək olur.

- Ölkə xaricində çıxış edən futbolçulardan da bəziləri toplanışa dəvət edilmişdi. Onlardan necə, razı qaldınızmı?
- Kimlərə baxmamışdım, bu dəfə onları da yoxladım. Kənarda qalan olmadı. Kimlər layiqdirsə, onlara da dəvət göndərəcəyik. Təbii ki, problemli mövqeləri də doldurmalıyıq.

- Rəqib kimi seçdiyiniz klublarda istər “Anji”, istərsə də “Şaxtyor” ölkəmizdə kifayət qədər güclü hesab edilirlər. Bu baxımdan oyundan öncə uşaqlarda hansısa həyəcan hiss olunurdumu?
- Həqiqətən də rəqib fikiki göstəricilərinə görə bizdən güclü idi. Yəni kənardan onların bədən quruluşunun böyük olması istər-istəməz müəyyən həyəcan yaratmışdı. “Anji” ilə oyunda onlar bizim uşaqlardakı keyfiyyətləri gördükdən sonra daha da kobud oynamağa başladılar. Təsadüfi deyil ki, 5 qırmızı vərəqə göstərildi. Ancaq əvvəlcədən razılaşmışdıq ki, qırmızı vərəqə alan futbolçunu komanda yoldaşı əvəz edə bilər. Buna görə də meydandakı balans pozulmamışdı. Onlar çox qıcıqlanmışdılar. “Şaxtyor” adı futbolçuları bir qədər həyəcanlandırmışdı. Lakin oyunun gedişində bu həyəcanı boğan komandamız hətta qələbə də qazandı. Bir daha şahidi oldular ki, istənilən komandaya qarşı oynamaq, mübarizə aparmaq olar. Bu qələbə özünəinam baxımından futbolçulara faydalı oldu.

- Növbəti toplanış nə vaxt olacaq?
- Toplanışdan döndükdən sonra, uşaqları klublarına buraxdıq. Onlara müəyyən tapşırıqlar vermişik. Hər biri öz klubunda əsas heyətdə oynamalıdır. Çünki oynamayan futbolçunu qısa vaxt ərzində hazırlamaq çətin olur. Biz toplanışlar zamanı ancaq taktiki sxem üzərində işləyəcəyik. Ən azı əvəzedici komandada əsas heyətdə yer almalıdır. Plana əsasən martın 13-dən 25-dək Estoniyada təlim-məşq toplanışında olacağıq. Martın 18-də Finlandiyada həmin ölkənin U-19 yığması ilə qarşılaşacağıq. Məsafə qısa olduğundan və onlar bizimlə qarşılaşmaq istədiklərindən, bu oyun keçiriləcək. Martın 22-də və 24-də isə Estoniyanın U-19 millisi ilə üz-üzə gələcəyik.