“Heç kim rahat olmasın ki, Lüksemburqda 100 faiz qalib gələcəyik” – MÜSAHİBƏ
07.02.2013 - 14:30
“Heç kim rahat olmasın ki, Lüksemburqda 100 faiz qalib gələcəyik” – MÜSAHİBƏ
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Millimizin Dubay toplanışındakı Özbəkistanla qolsuz bərabərlik etdiyi, Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşləri haqda nə düşünürsünüz?
- Yaxşı olardı ki, bu oyunları televiziyada göstərərdilər. Çünki matçları görmədən fikir bildirmək çox çətindir. Ən sevindirici hal odur ki, millidə gənc futbolçulara şans verildi, bəzi oyunçular başqa mövqelərdə yoxlanıldı. Ancaq oyun baxımından mənə konkret nəsə bildirmək çətindir.

- Mövqelərdə yerdəyişmələrdən söz düşmüşkən, Rəşad Sadiqov yarımmüdafiəçi olduğu halda, hər 2 matçda mərkəz müdafiəçisi kimi sınandı. Özü də baş məşqçi ondan razı qaldığını açıqlayıb. Adaşınızın mövqeyində oynadılmağı sizin üçün gözlənilməz olmadı ki?
- Bu, mənim üçün çox gözlənilməz oldu. Biz Rəşadı daha çox irəlidə, hücumların qurulmağında aktiv iştirak edən kimi görmüşük. Millimizin baş məşqçisi Berti Foqts təcrübəli mütəxəssisdir. Futbolda belə yerdəyişmələr olur. Bir də görürsən ki, mərkəz yarımmüdafiəçisi mərkəz müdafiəçisi oynayır, yaxud müdafiəçi hücumda yer alır. Bildiyimə görə, Rəşad özünü pis tərəfdən göstərməyib. Ancaq hamımız bilirik ki, onun ən yaxşı yeri yarımmüdafiənin mərkəzidir. Bu sözləri mən mərkəz müdafiəçisi oynadığıma görə demirəm. Sadəcə, o, yığmada daha çox dayaq yarımmüdafiəçisi kimi oynamaqla faydalı olar.

- Lixtenşteynlə oyunda 2 dəfə penalti vurmaq qazanmışıq ki, bunun 1-i elə adaşınız boşa verib. “Qarabağ”da da komanda yoldaşınız olan Vaqif Cavadov isə şansından istifadə edərək, qələbə topunun müəllifi olub. Sizin də millidə penalti vuran futbolçu olduğunuzu nəzərə alsaq, bununla bağlı fikirləriniz maraqlıdır...
- Hər bir futbolçu hər bir anda penaltini vura da bilər, vurmaya da. Bu, adi 11 metrlik zərbədir. Əvvəl elə idi ki, penalti 90-95 faiz qol olurdu. Ancaq indi artıq 50-nin 50-dir. Qapıçı topu hara vuracağını tapır və zərbəni çıxarır. Mənim özüm də olub ki, çempionatda penaltini vura bilməmişəm. Bu, normal haldır.

- Ancaq adaşınızın penaltini Totti, Pirlo sayağı vuraraq qaçırmağı müzakirə obyekti oldu...
- Yadımdadır, son Avropa çempionatında İtaliya – İspaniya oyununda Pirlo, Ramos penaltini belə vurdu. Yəni vacib anlarda zərbələr belə yerinə yetirilir. Düzdür, bunlar da zəmanətli deyil. Elə bil ki, qapıçı yerə yıxılanda, topu orta ilə vurursan. Mən də elə penaltini xoşlayıram, məşqlərdə bundan istifadə edirəm. Ancaq ona üstünlük verməmişəm. Bir az risklidir. Qapıçı qırağa atılsa, yüz faiz qoldur. Bu, o demək deyil ki, zərbəni yerinə yetirən futbolçuda boşalma var. Görürsən ki, bütün dünya bu penaltidən istifadə edir. Niyə bizdə də olmasın?

- Yəqin ki, Lixtenşteyn üzərində inamlı qələbə qazanacağımızı gözləyirdiniz. Ancaq bunun 1:0, qolun isə penaltidən vurulmağı sizdə hansı təəssürat oyatdı?
- Belə baxsaq, Lixtenşteyni heç vaxt rahat udmamışıq. Yalnız bir dəfə evdə 4:0 hesabı ilə qalib gəlmişik. Bu da çoxdan olub. Ancaq digər oyunlarda evdə qolsuz heç-heçə etmişik, səfərdə 1:2 hesabı ilə uduzmuşuq. Yəni bizim üçün Lixtenşteyn zəif komandalar arasında arzuolunmaz rəqibdir. Baxırsan ki, oyunun alınır, qol vəziyyətlərin var, ancaq top qapıya getmir. Elə Bakıda 0:0 hesabı ilə nəticələnən rəsmi oyunda da çoxlu qol imkanlarımız olmuşdu. Bildiyimə görə, son matçda da belə olub. Fikirləşirəm ki, oyunda nəticədən daha çox gənclərə şans verilməyi vacib idi. Baş məşqçinin də seçimi belə idi. Çünki qarşıda ağır oyunlar gözləyir. Həmin matçlarda hansısa gəncə birdən-birə baxmaq çətin olacaq. Ancaq belə yoldaşlıq matçlarında baxıb, yoxlayıb, bəlkə gələcəkdə də onlardan istifadə etmək olacaq. Belə götürəndə, oyunlar yaxşı keçib, minimal olmağına baxmayaraq qələbə qazanmışıq və həm də bir çox futbolçulara şans verilib.

- Bir sıra təcrübəli futbolçular bu dəfə milliyə çağırılmadı. Şəxsən siz bir kapitan kimi Dubay toplanışından kənarda qalmağınızı necə qarşıladınız?
- Foqts təcrübəli insandır, o da fikirləşib ki, gənclərə şans versəm, daha yaxşıdır. Təcrübəlilər isə öz klublarında rahat təlim-məşq toplanışlarını keçsinlər. Çünki 1 ay sonra yığmada 2 ağır oyunumuzun olduğunu bilirsiniz. İndiki vaxtda uzun yol getmək, yarımçıq toplanışlar, gəlib burda oynamaq çətin olardı. Buna görə heyətdəki bu dəyişiklərin yaxşı addım olduğunu düşünürəm. Təcrübəlilərin də bu fasilədən sonra özlərini formaya salmaları üçün yetərincə vaxtları oldu. Düzdür, mən son matçlarda oynamaq istəyirdim. Bu, mənim üçün həm də oyun sayı baxımından vacib idi. Ancaq fiziki hazırlığı qaydasına salmaq, formaya düşmək baxımından götürsək, məncə, bu, düzgün atılmış addım idi.

- Millimizin martın ikinci yarısında 4 gündə ardıcıl 2 oyun keçirəcək. Bunda səfərdə autsayder Lüksemburqa qalib gəlməyimiz, ardından güclü Portuqaliya yığması ilə Bakıdakı matçda ən azından yaxşı təsir bağışlamağımız lazımdır...
- Həmin oyunlara hələ ay yarım vaxt var. Bu müddətdə çempionat oyunları olduğundan, futbolçularımızın tam forma yığmalarına imkan olacaq. Aydın məsələdir ki, yığmamız hazırda ideal formada deyil, ola da bilməz. Çünki fasilədən gəlmişik və indi çempionatda ara var. Fikirləşirəm ki, futbolçular həmin vaxta kimi oyun praktikası qazanaraq, daha yaxşı formada olacaqlar.

- Millimiz bu matçlarda real olaraq nəyə ümid edə bilər?
- Allahdan istəyim odur ki, həmin oyunlara tam heyətlə hazırlaşa bilək, aparıcı futbolçularımızda zədə olmasın. Çünki heç kimə sirr deyil ki, Lüksemburqla səfər oyunu bizim üçün həlledici olacaq. Başqa nəticələr hardasa başa düşüləndir. Ancaq bizi Lüksemburqla səfərdə çətin oyun gözləyir. Heç kimə rahat gəlməsin ki, biz Lüksemburqda yüzdə yüz qələbə qazanacağıq. Çünki bu komanda ev oyunlarını çox yaxşı keçirir. Portuqaliya kimin yığma orda güc-bəla qələbə qazandı. Yaxud Lüksemburqun Şimali İrlandiya ilə səfər oyununda heç-heçə etməyini onun zəif olmadığını göstərir. Buna görə matça çox ciddi hazırlaşacağıq. Fikrimcə, Lüksemburqda gərgin və çox maraqlı oyun keçəcək.

Mehman SÜLEYMANOV