Rail Məlikov: Bu gün cəzama aydınlıq gələcək
07.02.2013 - 15:31
Rail Məlikov: Bu gün cəzama aydınlıq gələcək
“Adana Dəmirspor”la matçda aldığım qırmızı vərəqəni klubda da haqsızlıq kimi qəbul etdilər. Bu üzdən rəhbərlik mənə və Ömər Kandəmirə görə apellyasiya şikayəti verəcək. Klub hüquqşünasları bayaq yanımda idilər. Artıq onlar şikayət məktubunu hazırlayıb”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor”un müdafiəçisi Rail Məlikov deyib.

Son turun 53-cü dəqiqəsində “Adana Dəmirspor”un qayda pozuntusundan sonra vurduğu qola etiraz edən Rail bunun güdazına gedib: “Orda futbolçumuza qarşı qayda pozuntusu düz gözümün qabağında baş vermişdi. Bu üzdən əlimi qaldırıb etirazımı bildirdim. Hakim isə mənə buna görə birbaşa qırmızı vərəqə verdi. Məni daha çox Ömərə verilən vərəqə yandırır. Onun ilk oyunu idi. Birinci oyununda meydandan qovulmaq pis haldır. Mən sonradan hakimin bizə bir oyunda 3 “qırmızı” verməsinin səbəbini öyrəndim. Sən demə, bu hakim 2 il əvvəl “Adana Dəmirspor”un “evini yıxıb”. İndi isə yerli tərəfdarlar önündə özünə bizimlə oyunda bəraət qazandırmaq istəyirmiş”.

Railin sözlərinə görə, ona 4 oyunluq cəza verilə bilər: “Hələ Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərarını açıqlamayıb. Ancaq klubda düşünürlər ki, sərt şəkildə hakimə etiraz bildirdiyimə və birbaşa qırmızı vərəqə aldığıma görə, 4 oyunluq cəzalana bilərəm. Ancaq apellyasiya verərək bu sayı 2-yə endirmək istəyirik. Bu gün cəzama aydınlıq gələcək”.

Səbuhi TOFİQOĞLU