“Simurq” Buşiçlə müqavilə imzaladı
07.02.2013 - 16:11
“Simurq” Buşiçlə müqavilə imzaladı
"Simurq" növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, komandanın düşərgəsində baxışda olan Tomislav Buşiçlə müqavilə imzalanıb. Bu gün imzalanan anlaşmaya əsasən xorvatiyalı futbolçu, mövsümün sonuna qədər sarı-qaraların formasını geyinəcək.

Buşiç "Simurq"un heyətində 12 nömrəli forma ilə çıxış edəcək. 27 yaşlı hücumçu peşəkar futbolçu karyerasına 2004-cü ildə ölkəsində başlayıb. 2007-ci ilə qədər "Hayduk"da top qovduqdan sonra, ilk legioner həyatın yaşayıb. 21 yaşında Kiyev "Dinamo"suna icarə əsasında keçsə də, heyətdə özünə yer edə bilməyib və İsrailin "Makkabi" klubuna transfer olunub.

Bir il burda da legioner həyatı yaşadıqdan sonra ölkəsinə qayıdıb və "Slaven Belupo" ilə razılığa gəlib. 2010-cu ildən bu komandada forma geyinən Buşiç, ölkəsinin ən köklü klubunun heyətində bir çox uğurlara imza atıb. Xüsusən də cari mövsümdə Avropa Liqasının pley-off mərhələsində "Atletik”ə (Bilbao) məğlub olan "Slaven Belupo"nun heyətində 4 qarşılaşmada meydana çıxıb və 2 dəfə rəqib qapıçılarını məyus etməyi bacarmışdı.

“Simurq”un Antalya toplanışına dəvət olunan Tomislav yanvarın 20-dən yüni komandasının heyətində məşq edir. Təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərindən 3-də meydana çıxan xorvatiyalı hücumçu "Tom"la matçda komandasının bərabərlik qolunun müəllifi olmuşdu.

Mənbə: simurqpfk.az