Kriştiano Ronaldo: Mourinyo ilə aramızda problemim həll olundu
07.02.2013 - 20:45
Kriştiano Ronaldo: Mourinyo ilə aramızda problemim həll olundu
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo “Real”ın baş məşqçisi Joze Mourinyo haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu İspaniya mətbuatına müsahibəsində Madrid təmsilçisindən ayrılması gündəmə gələn Mourinyonun mövsümün sonuna qədər komandada qalacağını bildirib.

Portuqaliyalı futbolçu Joze ilə aralarında problemin həll olunduğunu vurğulayıb:

“Mourinyonun ən azı mövsümün sonuna qədər komandada qalacağını düşünürəm. Mövsüm başa çatdıqdan sonra o, özü üçün ən yaxşı qərarı verəcək. Onunla aramızda olan problem çox fərqlidir. İndi bu problemləri geridə qoyduq. Paltardəyişmə otağında yaşananlar elə orada da qaldı”

O, “Qızıl top” mükafatının “Real”ın əzəli rəqibi “Barselona”nın argentinalı ulduz futbolçusu Lionel Messiyə verilməsi haqda isə bunları ifadə edib: “Yaşadığımız bu əla mövsümün ardından bu mükafatın xəyalini qurmuşdum. Hər şeyə baxmayaraq “Real” uğurunun gündən-günə yaxşıya getməsi, məni əsl xoşbəxt edən haldır. Bütün gücümü Madrid klubunun daha yaxşı çıxış etməsi üçün sərgiləyirəm”.